Menecerlər öz fəaliyyətlərində informasiyaların cəlb olunması və istifadəsi ilə bağlı funksiyalarını həyata ke-çirməlidirlər. Hər bir rəhbər işçinin informasiya funksiyalarına aşağıdakılar daxildir:
müəssisənin, sahənin obyektiv informasiya tələbatını müəyyən etmək;
informasiya mənbələrini müəyyən etmək;
müəssisənin fəaliyyət sahəsinə aid olan elmi-texniki, iqtisadi, direktiv xarakterli informasiyaları cəlb etmək;
həmin informasiyalarla tanış olmaq və əlavə məlumatlar əldə etmək;
İnformasiya tələbatının müəyyən olunması bu sahədə böyük əhəmiyyət kəsb edir. İnformasiya tələbatı sosial, iqtisadi, texniki, əmək, maliyyə və s. sahə, idarəçilik və ümumdövlət direktiv informasiyalarına tələbatın müəyyən edilməsi ilə əlaqədardır. Bu zaman ən başlıca məsələ müəssisənin informasiya tələbatının yaranması səbəbləridir. Bu tələbat elmi-texniki tərəqqi, informasiyaların köhnəlməsi, iqtisadi əlaqələr və təhlillər, təşkilatın informasiyalarla faktiki təmin olunmasından yaranır.
İnformasiya məkanının mühafizəsi də informasiyanın idarə edilməsinin funksiyalarına daxildir. İnformasiyaların mühafizəsi aşağıdakı məsələləri əhatə edir.
1. Hansı informasiyaların mühafizəsinə ehtiyac var.
2. O, kimləri maraqlandıra bilər.
3. Həmin sirlərin “həyat müddəti”nə qədərdir.
4. Onların mühafizəsi neçəyə başa gəlir.
İnformasiyaların mühafizəsi idarəetmə, ticarət və maliyyə sirlərinin qorunmasına səbəb olur.
İnformasiyalar aşağıdakı məqsədləri daşıyır:
- müəssisə rəhbərləri informasiyalar vasitəsilə əmək kollektivini təlimatlandırmaq və məlumatlandırmaq imkanına malik olurlar;
- informasiyalar əldə etməklə rəhbərlər müəssisənin fəaliyyətini planlaşdırırlar;
- rəhbərlər informasiyalardan qərarlar hasil edirlər.
- informasiyalar əldə etməklə rəhbərlər müəssisənin fəaliyyətini yoxlayır, başqa sözlə nəzarət funksiyasını həyata keçirirlər.
Müəssisənin rəhbərləri informasiyalar əldə etməklə müəssisənin fəaliyyətini təhlil edir və qiymətləndirirlər.
İqtisadi informasiyalar xalq təsərrüfatının və onun ayrı-ayrı bölmələrinin, alt sistemlərinin, müəssisə və təşkilatların idarə olunması zamanı istifadə olunan məlumatların məcmusudur. İqtisadi informasiyalar müəssisənin həm keçmişini, həm mövcud vəziyyətini, həm də gələcəyini əhatə edir.
İnformasiya təminatı informasiyaların idarə edilməsinin əsas tərkib hissələrindəndir. İnformasiyaların daxil edilməsi, işlənməsi, saxlanılması, funksiyalarının həyata keçirilməsində proqram təminatının rolu böyükdür. İnformasiya təminatı üçün informasiya bazasının olması vacib şərtdir. İnformasiya bazası biliklərin, məlumatların və göstəricilərin elə qaydaya salınmış toplusudur ki, ona daxil olmuş informasiyanı asanlıqla tapmaq və istifadə etmək mümkün olur. İnformasiya bazaları ümumi və fərdi bazalardan ibarət olur. Ümumi bazalar işçilərin ümumi istifadəsində, fərdi bazalar isə işçilərin şəxsi istifadəsində olur. Ümumi informasiya bazalarına təşkilatın normativ-hüquqi bazasını, ümumi nizam-intizam qaydalarını, müəssisənin strateji və cari fəaliyyət planlarını, hesabat sənədlərini misal göstərmək olar. Fərdi informasiya bazaları işə ayrı-ayrı təşkilati struktur vahidlərinə, şəxslərə aid olan məlumatlar sistemidir.