Proses yanaşma. Proses başlanğıcı və sonu olan, arasıkəsilməz ardıcıllığa malik fəaliyyət, hadisə və əməliyyatların məcmusudur. Proses dedikdə o hərəkətlərin, hadisələrin, əməliyyatların məcmusu başa düşülür ki, yekunda müəyyən nəticə əldə edilsin. Burada hərəkət və nəticə vardır. Proseslər üçün dövrlük, mərhələlik, ardıcıllıq prinsipi mövcuddur. Proses yanaşma hər hansı prosesə aid olan bütün mərhələlərin ardıcıl formada araşdirilmasını, öyrənilməsini və təhlil edilməsini tələb edir.
Proses yanaşma sistem yanaşmanın tərkib hissəsidir. Məsələn müəssisənin fəaliyyətinin nəticələri təhlil edilir. Biz bu təhlili həm sistemli, həm də proses yanaşma formasında apara bilərik. Gəlin əvvəl sistemli yanaşaq. Bu halda göstəricilər sistemini müəyyən etmək, araşdırmaq, müqayisə etmək, qiymətləndirmək lazımdır. Müəssisənin fəaliyyətinin göstəricilər sistemini satışdan gəlir, xalis gəlir, istehsal məsrəfləri, maya dəyəri, məhsulun qiyməti, həcmi, keyfiyyəti, əmək məhsuldarlığı, rentabellik, mənfəət göstəriciləri və s. təşkil edir. Sistemli təhlil sadalanan bütün göstəricilər üzrə araşdırmanı tələb edir.
Sistemli yanaşma imkan verir ki, biz yuxarıda sadalanan göstəricilər üzrə sistemin zəif və güclü tərəflərini və ya həlqələrini aşkar edək. Aşkar edilmiş zəif və ya güclü tərəflərin, həlqələrin hər birinə ayrı-ayrılıqda yanaşılması, öyrənilməsi və təhlil edilməsi proses yanaşmanı əhatə edir. Məsələn sistemli yanaşma bütün göstəricilər sistemini araşdırmış və müəyyən etmişdir ki, gəlirin aşağı düşməsinin səbəbi satışın həvəsləndirilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi ilə əlaqədar olmuşdur. Proses yanaşma diqqəti satışın həvəsləndirilməsi prosesinin öyrənilməsinə, araşdırılmasına və bu sahədə problemlərin aradan qaldırılması məsələlərinə yönəldir.
İdarəetmə prosesi məkan və zaman baxımından baş verir. Məkan baxımından dedikdə, idarəetmə fəaliyyətinin həyata keçirildiyi yer, müəssisə, struktur vahidi (şöbə, bölmə) və s. başa düşülür. Zaman baxımından dedikdə isə, idarəetmə prosesinin və onun ayrı-ayrı mərhələlərinin yerinə yetirildiyi müddət və ya zaman kəsiyi hesab edilir.