8.4. İdarəetmədə informasiya sistemləri
İnformasiya bazası informasiya sistemlərinin tərkib hissəsidir. Ona görə də informasiya bazasının, onun tərkibinin və strukturunun düzgün müəyyən edilməsi bütün informasiya sistemlərinin dəqiq işlənməsinə mühüm təsir göstərir. İnformasiyalar öyrənilərkən, təhlil edilərkən, habelə onlardan idarəetmənin qərarları üçün istifadə olunarkən bütün informasiya əlaqələri və axınları nəzərdən keçirilir. Burada, həmçinin şifahi və yazılı informasiya haqqında qeydiyyat formaları da nəzərə alınır.
İnformasiya sistemləri 2 cürdür. Sadə və mürəkkəb informasiya sistemləri. Sadə informasiya sistemləri əl əməyinə əsaslanır. Yəni informasiyaların toplanması, uçota alınması, saxlanması xüsusi qeydiyyat, uçot, əməliyyat kitablarında aparılır. Mürəkkəb informasiya sistemləri isə müvafiq informasiya texnologiyaları vasitələrinin, internet şəbəkəsinin, kompüter texnologiyasının tətbiqi ilə həyata keçirilir.
FƏSİL IX. İDARƏETMƏDƏ MÜNASİBƏTLƏR VƏ İDARƏETMƏ PSİXOLOGİYASI
9.1. Özünüidarəetmə
Qeyd etdiyimiz kimi, idarəetmə çox geniş məfhumdur. Çünki elə bir insan yoxdur ki, o, idarəetmənin subyekti olmasın. İnsan həm idarə edir, həm də idarə olunur. Özünüidarəetmə insandan özünün hərəkət, davranış və fəaliyyətinə şüurlu təsir göstərməyi tələb edir.
Özünüidarəetmə həm psixi proses, həm də fəaliyyətdir. Psixi proses kimi özünüidarəetmə hadisələri şüurlu formada dərk etməkdən, ətrafdakılarla münasibətlərin normal qaydada qurulmasından ibarətdir.
Fəaliyyət kimi özünüidarəetmə insanın əmək və həyat fəaliyyətinin idarə edilməsindən ibarətdir.
Şəxsi həyat fəaliyyətinin idarə edilməsi insanların həyat fəaliyyətini, təhsil almasından tutmuş özlərinin sosial inkişafının bütün mərhələlərini, ailə və şəxsi münasibətlərini və s. əhatə edir.
Əmək fəaliyyətində özünüidarəetmə işindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq bütün insanlara xas olan fəaliyyətdir. Əmək fəaliyyətində özünüidarəetmə idarəetmənin bütün həlqələrində və səviyyələrində təmsil olunan fərdin şəxsi məqsədlərinə, eyni zamanda kollektivin ümumi məqsədlərinə yönəlir. Yəni burada şəxsi məqsəd ümumi məqsədlərə xidmət edir. Məsələn: hər bir işçi işə gedib gəlməyindən tutmuş, öz iş yoldaşları ilə, rəhbərliklə şəxsi və işgüzar münasibətlərini, davranışlarını idarə etməli və tənzimləməlidir. Çünki bu sahədə baş vermiş nöqsanlar, nəinki işçinin öz fəaliyyətinə, həmçinin onunla birgə çalışan işçilərlə münasibətlərinə xələl gətirəcəkdir.
Özünüidarəetmə aşağıdakı funksiyaları özündə birləşdirir:
Özünə hörmət (ləyaqətlilik).
Özünü tərbiyə (əxlaq).
Özünə nəzarət (vicdan).
Özünü təhlil (vicdan).
Özünü qiymətləndirmə (təvazökarlıq).
Özünü tənzimləmə (iradə).
Özünə hesabat (məsuliyyətlilik).
Özünü müdafiə (cəsarətlilik).
Yuxarıda mötərizədə qeyd olunanlar özünüidarəetmənin funksiyalarının insanda yaratdığı xarakterik əlamətlər, şəxsi psixoloji keyfiyyətlərdir. Özünüidarəetmə insanın özünə, kollektivə, əşyalara olan münasibətlərini tənzimləyir. Sözsüz ki, iqtisadi nöqteyi nəzərdən insanın əmək fəaliyyətində özünü idarəetməsi bizim problemin predmetini təşkil edir.
Əmək fəaliyyətində idarəetmə aşağıdakı mərhələlərdən ibarətdir:
1. İdarəetmə məqsədlərinin müəyyən edilməsi.
2. İnformasiyaların qəbulu və işlənməsi.
3. Qərarların qəbul edilməsi.
4. Qərarların həyata keçirilməsi.
5. Özünə nəzarət.
Özünüidarəetmə prinsiplərinə əməl etməklə hər bir işçi rəhbərin etibarını qazanmalı, etimadını doğrultmalı, onun tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirməlidir. Əgər hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrsə, əmək fəaliyyətində öz karyerasını qurar və inkişaf etdirə bilər. Karyeranın inkişafına nail olmaq üçün işçi nə etməlidir?
işçi öz fəaliyyətini düşünülmüş qaydada qurmalıdır;
işçi əmək fəaliyyətində bütün səylərini birləşdirməli, qətiyyətli olmalı, yüksək nəticələrə cəhd göstərməlidir;
hər bir işçi öz problemlərini dərk etməli, onların aradan qaldırılması üçün yollar axtarmalıdır;
işçi nizam-intizam qaydalarına riayət etməli;
işçi əmək fəaliyyətində qanunlara, dövlət qərarlarının müvafiq tələblərinə əməl etməlidir;
işçi tutduğu vəzifədən asılı olmayaraq öz işini vicdanla yerinə yetirməlidir. Bu zaman o, rəhbərliyin diqqətini cəlb edə bilər;
iş prosesində müəyyən fərdi münaqişələr, streslər meydana çıxa bilər ki, bunların aradan qaldırılmasına özü səy göstərməlidir;
işçi özünün köməyə ehtiyacı olub olmadığını müəyyənləşdirməlidir. Çünki zərurət yaranarsa, kömək üçün müraciət etmək lazımdır. Əks təqdirdə nəticə lazımi effekti verməyəcəkdir;
hər bir işçi iş yerində nəzakətli olmalı və yoldaşları ilə mehriban davranmalıdır;
işçi müzakirələrdə aktiv iştirak etməli, lazımlı təkliflər və tövsiyələr verməyə can atmalıdır.
Dostları ilə paylaş: |