Fərdi işin böhran istiqamətli qısamüddətli metodu Bu metod psixoterapiya, praktiki psixologiya və sosial işdə rasional diskussiya elementlərindən ibarət qarışıq yanaşmadır. Bu metoddan narahatçılıq, xəcalət, günah, düşmənçilik və d. bu kimi böhranlı vəziyyətlərdə istifadə edilir. Sosial işçi müştərinin psixoloji və sosial gərginliyini azaldaraq ona müvafiq qərarlar qəbul etməkdə kömək edir, yaranmış situasiyada onun üçün adekvat rollar seçir.
Fərdi işin rasional metodu Bu metod Q.Verner və M.Kindi tərəfindən fərdi işin psixo-analitik metoduna alternativ kimi təklif edilmişdir. Metodun əsasını koqnitiv nəzəriyyə və dəyişilmə fəaliyyəti intensivliyinin iradədən asılı olması ehtimalı təşkil edir. “Burada və indi” prinsipindən istifadə edildiyində müştərinin vəziyyətinin qiymətləndirilməsi onun real zaman ölçüsündəki düşüncə, duyğu və davranışlarına əsaslanır. Metodun məqsədi müştərinin dəyişilməsindədir ki, bu da emosiyaların, anlayışın və davranışın məcmusu kimi başa düşülən şüur dəyişilməsidir. Qarşılıqlı fəaliyyət problemin həll edilməsinə yönəldilir, müştəriyə təhlil modelləri və real situasiyada davranışın modifikasiya edilməsi üsulları təklif edilir. Bu metoddan müştəri öz problemli vəziyyətini daha dəqiq anlamaq məqsədilə kömək axtardığı hallarda istifadə edilir.
Reallıqla müalicə Fərdi işin bu metodu V.Qlasser tərəfindən təklif edilmişdir. Bu metodun əsasında belə bir tezis durur: insanların sevimli olmağa və özlərinin dəyərli olduqlarını hiss etməyə ehtiyacları vardır, bunun üçünsə davranış standartları vacibdir. Metodun məqsədi insanların şəxsi davranışlarına görə məsuliyyət daşıdıqlarını başa düşmələrində və bu cavabdehliyi qəbul etmələrində onlara kömək etməkdir. Qarşılıqlı fəaliyyət strategiyası müştərinin davranışlarının identifikasiyasına, ona başqa insanların maraqlarını zədələməyən, konfrontasiyasız və aqressiyasız, məhsuldar ünsiyyət qurmağı öyrətməyə yönəlib.
Sosial işdə bu yanaşmaların sosial iş təcrübəsindəki şərti adı sosial müalicədir. Bununla yanaşı, sosial iş təcrübəsində aqressiv davranış, seksual pozuntu hallarında, narkotik asılılığı olan qrupların problemlərində və s.-də fərdi işin xüsusi metodlarından istifadə edilir. Fərdi işin belə növlərinə oyun terapiyası, seksual terapiya, psixodram, “nifrət” texnikası və d. aiddir