2.Müqavilə hadisə ilə fərdi işin əsas hissəsi kimi
Sosial işçinin müştəriyə götərdiyi kömək müqavilə xarakteri daşıyır, belə ki, tərəflər arasındakı münasibətlər həm maliyyə əsaslı olur, həm də qanunvericiliklə tənzimlənir. Müştəri pulsuz və ya pullu sosial xidmət haqqına malik olmalıdır ki, bu da müvafiq qanunlarla tənzmlənir. Beləliklə, sosial işçinin fəaliyyətinin hüquqi əsasları sosial xidmətin funksiyaları müqabilində müştəriyə adekvat kömək göstərilməsini reallaşdırmaq üçün müqavilə bağlanmasının əsaslarını formalaşdırır.
Digər tərəfdən müqavilə müştəri üçün müəyyən dərəcədə müdafiə xarakteri daşıyır, onun haqlarının pozulduğu hallarda isk vermək üçün əsas kimi çıxış edir, sosial işçi ilə qarşılıqlı münasibətlər sistemində onun yerini müəyyənləşdirir.
Sosial işin fərdi təcrübəsində bir qayda olaraq müştərinin də sosial işçi kimi dəyişilmə prosesində cavabdehlik daşıması, müalicə prosesində aktiv iştirakçı olması qəbul edilir.
Beləliklə, sosial işçi və müştəri arasındakı qarşılıqlı fəaliyyət sistemində müqavilə terapiya kontaktı prosesində yerinə yetirilməli olan əməliyyat proseduraları, qarşılıqlı vəzifələr, məsələlər və məqsədlərə aid razılaşmadır.
Sosial iş təcrübəsində ilkin müqavilələr müəyyənləşdirilir ki, onların funksiyası da sonrakı çətin həyat situasiyalarını həll etməkdə müştəriyə kömək etmək üçün zəruri olan yardım növləri ilə onu tanış etməkdir. Bu müqavilənin yerinə yetirilməsi müəyyən müvəqqəti aralıqlarla müəyyənləşdirilir. Lakin burada da tərəflər arasında qarşılıqlı məsuliyyət və vəzifələrin qəbul edilməsinə riayət edilir.
İlkin və ikinci müqavilələr qarşılıqlı fəaliyyət planının qiymətləndirilməsinə əsaslanır, hadisənin özünəməxsus xüsusiyyətlərindən, fəaliyyətin qiymətləndirilməsindən, interaksiya prosesinin planlaşdırılmasından asılı olur. Müqavilə bağlanarkən aşağıdakı prinsiplərdən istifadə edilir:
müştərinin ehtiyacları prioritet əhəmiyyət daşımaqla müqavilə bağlanmasında əsas rol oynayır;
sosial işçi müştəriyə kömək göstərilməsinə görə məsuliyyət daşıyır. Kömək etmək və müqavilə bağlamaq üçün müştəri tərəfindən təqdim edilən yaşayış yerinin olması/olmaması, status, məşğulluq, sağlamlıq, yaş, maliyyə və s. haqqında sübutlar əsas şərtlərdəndir;
sosial işçi xidmət və yardım göstərilməsində sosial xidmətin imkanları haqqında müştəriyə izahat verilməsinə görə məsuliyyət daşıyır. O, müştərini müqavilənin həll ediləcək məsələlərə, qarşılıqlı vəzifələrə, vasitə və proseduralara, müştərinin vəziyyətinin dəyişilməsi üçün lazım olan və kifayət edən zamana aid, həmçinin sosial xidmət tərəfindən qəbul edilə biləcək sanksiyalara aid şərtləri ilə tanış etməlidir;
müqavilə elə tərtib edilməlidir ki, müştəri öz məqsədinə çatmaq və məsələlərini həll etmək üçün vasitə və resursların kifayət qədər geniş seçimini əldə edə bilsin və sosial xidmətin funksiyasına daxil olmayan mövzu və problemlərə aid seçimin məhdud olduğu onun üçün aydın olsun;
müqavilə bağlanarkən “ardıcıllıq strukturu” prinsipindən istifadə edilir. Bu prinsipə əsasən, müştərilər sosial işçinin müdaxiləsini tələb edən problemlər sahəsini ayrı-ayrı məsələlər həll edildikcə tədricən genişləndirirlər;
müqavilə yalnız sosial xidmət işinin spesifikasını əks etdirməməli, eyni zamanda müştərinin və ya onun ailə üzvlərinin gözlənilməyən vəziyyət və situasiyalarına uyğunlaşmaq üçün kifayət qədər də çevik olmalıdır. Bəzi suallar terapiya kontaktı prosesində tədqiqata ehtiyacı olan hipotetik məsələ kimi formalaşdırılmalıdır.
3.Hadisə ilə fərdi işin ümumi modeli
Hadisə ilə fərdi işdə sosial işçinin fəaliyyətinin ümumi modelini aşağıdakı kimi təqdim etmək olar:
I MƏRHƏLƏ: PROSESİN İLKİN MƏRHƏLƏSİ
Bu, sosial işçi və müştəri arasındakı ilk əlaqədir. Bu mərhələdə müştərinin vəziyyətinin ilkin qiymətləndirilməsi baş verir, problemə aid mümkün fərziyyələr formalaşdırılır, subyektlərarası qarşılıqlı fəaliyyətdə onun identifikasiyası həyata keçirilir.
İlkin əlaqənin vacib elementi münasibətlərdir. Sosial işçi və müştəri arasında yaranan mikroiqlim sonrakı qarşılıqlı fəaliyyət prosesini müəyyənləşdirir. Bu səbəbdən sosial işçi tərəfindən göstərilən səmimilik, şəfqət lazımi münasibətlərin qurulmasına imkan yaradır.
İlkin mərhələdə sosial xidmət təşkilatının lazımi yardımı göstərmə imkanları müzakirə edilir, problemin digər agentliklər tərəfindən həll edilməsi strategiyasına baxılır.
Sosial işçi dəyişilməyə ehtiyac yarandığını müəyyənləşdirdiyi zaman müştərinin problemi olduğunu təsdiq etməkdən imtina etməsi kimi bir vəziyyətlə qarşılaşa bilər. Belə vəziyyətdən çıxış edərək sosial işçi müştərinin hansı səbəbdən probleminin olmadığı fikrinə düşməsinə diqqət yetirməli, sübut və dəlillər toplayaraq, ona mövcud problemi açıb göstərməlidir.
Əgər bundan sonra yenə müştəri dəyişilməyə ehtiyac duymazsa, o zaman sosial işçi müştəriyə problemini gələcəkdə müzakirə etməsi, bu problem haqqında onun özünün lazım bildiyi vaxtda danışması üçün imkan verir.
Dostları ilə paylaş: |