Sərbəst ticarətlə bağlı xarici iqtisadi siyasətdə və onun icra edilməsi proseslərində gömrük orqanları gətirilən və çıxarılan malların ancaq qeydiyyatını aparır. Liberallaşdırılmış sərbəst ticarətdə idxal və ixrac rüsumları tutulmur.
Proteksionizm - bu halda idxal məhdudlaşdırılır, bu məqsəd üçün yüksək gömrük rüsumları müəyyən edilir, bəzi malların ölkəyə gətirilməsi qadağan olunur. Dövlət bu yolla daxili bazarı tənzimləməyə və onu xarici rəqabətdən qorumağa çalışır. Bununla belə, proteksionizm bir çox hallarda milli iqtisadi inkişafı ləngidə bilər və monopolizmə rəvac verir.
1.2. İqtisadi və siyasi sistem.
İqtisadi sistem iqtisadiyyatda istehsalın, onun bölüşdürülməsi və mal xidmətlərin istehlakını özündə birləşdirən bir sistemdir. Bununla yanaşı, iqtisadi sistem xüsusi prinsip və metodlarla iqtisadiyyatın problemlərinə baxır, milli istehsal resurslarının bölüşdürməsini tənzimləyir, bu sahədə defisiti aradan qaldırır.
Hələ Adam Smit göstərirdi ki, sosial marağın tez hərəkəti yalnız özəl maraq üzərində qurulur. Digər tərəfdən isə, istehsal özəl müəssisədə həyata keçirilir və bu münasibətdə cəmiyyət məhdud iqtisadi resursların bölüşdürülməsini təşkil edir. Həm də iqtisadi sistem yaradılarkən hər bir ölkə, cəmiyyət özünün modelini və alternativ variantları seçir. Bütün hallarda bu prinsiplərin əsasında effektivlik, artım (temp), sərbəstlik və bərabərlik üstünlük təşkil edir.
Qeyd etmək lazımdər ki, iqtisadi sistemin 3 forması xüsusilə seçilir:
bazar iqtisadiyyatı;
plan iqtisadiyyatı;
qarşılıqlı iqtisadiyyat.
Bazar iqtisadiyyatı.Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi, milli və dövlət qurumlarının təsiri tamamilə məhdudlaşdırılır. Bunların əvəzində iqtisadi prosesləri istehlakçılar və onların alıcılıq qabiliyyəti tənzimləyir və bu proseslər ölkənin iqtisadi inkişafını, onun prioritet istiqamətlərini müəyyənləşdirir. Bazar iqtisadiyyatının əsas məqsədlərindən biri iqtisadi sahələrə, sənayeyə subsidiyaların, dotasiyaların dövlət tərəfindən məhdudlaşdırılması, qiymətlərin qabaqcadan nizamlanmasının aradan qaldırılmasından ibarətdir. Bazar iqtisadiyyatı şəraitində mərkəzləşdirilmiş idarəetmə sistemi və planlaşdırma yoxdur.