Mövzu 6. Gömrük xidməti və dövlətin xarici ticarət iqtisadi siyasəti.
6.1. Xarici-iqtisadi siyasətin əsas vəzifələri. 6.2. Azərbaycanın xarici ticarət siyasəti. 6.3. Gömrük siyasəti və gömrük xidməti üzrə əsas alətlər. 6.4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. 6.5. Ümumdünya Gömrük Təşkilatının rolu. 6.6. Azərbaycanda gömrük xidmətinin təşkili üzrə dövlət orqanları və onların funksiyaları.
6.1. Xarici-iqtisadi siyasətin əsas vəzifələri.
Xarici iqtisadi siyasət- müxtəlif region və ölkələr arasında ticarət formasında mal və xidmətlərin mübadiləsini təşkil edən kompleks tədbirlərdən ibarətdir. Xarici iqtisadi siyasət - dövlətin məqsədyönlü tədbirləri olmaqla, onun dövlət səviyyəsində xarici iqtisadi fəaliyyəti tənzimlənməsi, ölkənin Beynəlxalq əmək bölgüsündə optimal iştirak variantlarını müəyyənləşdirməsidir. Xarici iqtisadi siyasətin əsasını idxal və ixrac siyasəti, valyuta siyasəti, xarici investisiyaların və kapitalın hərəkəti üzrə siyasət təşkil edir.
Bununla belə, xarici ticarət siyasəti milli iqtisadiyyatın inkişafına müsbət təsir göstərməsinə baxmayaraq, bu siyasət balanslaşdırılmağı halda dünya bazarından asılı olduğu üçün müxtəlif iqtisadi və maliyyə böhranlarında, digər iqtisadi proseslərdə ölkə daxilində sosial-iqtisadi problemlərin çətinləşməsinə gətirib çıxara bilər. Bu aşağıdakılarla izah olunur:
ölkə iqtisadiyyatının və onun əsas sektorlarının dünya bazarından asılı olmağı;
dünya qiymətləri və valyuta məzənnələrinin əsaslı dəyişməsi ölkə iqtisadiyyatına güclü zərbə vura bilər və iqtisadi risk artar;
milli daxili real iqtisadi sektorlar dünya rəqabətinə tab gətirməyərək iflic vəziyyətinə düşə bilər və s.
Qeyd etmək lazımdır ki, xarici iqtisadi siyasətin dövlət nizamlanması mühüm əhəmiyyət kəsb edir və bu sahədə dövlət aşağıdakı funksiyaları yerinə yetirir: qanunvericilik bazasının yaradılması, mühüm qanunların qəbul edilməsi, normativ sənədlərin işlənib hazırlanması;
xarici iqtisadi fəaliyyət sahəsində icraçı dövlət orqanlarının müəyyənləşdirilməsi, onların fəaliyyətinin təşkili;
xarici ticarət dövriyyəsinin artırılmasında idxal və ixrac əməliyyatlarının effektivliyinin yüksəldilməsinə mütərəqqi tədbirlərin görülməsi;
xarici investisiyaların cəlb edilməsinin sürətləndirilməsi üçün xarici kapitalın stimullaşdırılması.
Dövlət orqanları xarici ticarət siyasətinin nizamlanması və təkmilləşdirilməsi üçün tarif və qeyri-tarif metodlarından istifadə edir, xarici ticarət üzrə norma və qaydaları hazırlayır və sair.
Qeyd etmək lazımdır ki, xarici ticarət siyasətində iki mühüm istiqamət xüsusilə seçilir:
sərbəst ticarət;
proteksionizm.