İnvestisiya siyasəti - kapital qoyuluşunun, onun səmərəli hərəkətinin və effektivli yerləşdirilməsinin əsas istiqamətlərini müəyyənləşdirən tədbirlər sistemidir. Bu tip tədbirlər əsasən dövlət səviyyəsində realaşdırılır və bu tədbirlərin istiqaməti ölkənin xarici-ticarət siyasətinə, beynəlxalq iqtisadi əlaqələrinə, milli iqtisadi inkişaf modelinə uyğun müəyyənləşdirilir.
Dövlət investisiya siyasəti -milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında mühüm rol oynayır, kapital və elmtutumlu sahələrin, xidmət və sosial sahələrin inkişafına əlavə stimullar verir. İnvestisiya siyasəti formalaşdırılarkən perspektiv inkişaf və tərəqqi tendensiyaları xüsusilə nəzərə alınır.
İnvestisiya siyasəti -dövlətin maliyyə siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bu siyasətin əsas məqsədi maliyyə resurslarının cəlb edilməsi, toplanması, əsaslı kapital qoyuluşunun səmərəliliyinin artırılması, investisiya fəallığının gücləndirilməsi, xarici-iqtisadi əlaqələrin genişləndirilməsi və sairlərdən ibarətdir.
Xarici investisiya siyasətinin -prioritet istiqamətlərinə aşağıdakılar aiddir:
inteqrasiya proseslərinin sürətləndirilməsi;
milli iqtisadiyyatların dünya təsərrüfat sisteminə qovuşmasının tezləşdirilməsi;
ölkələrarası ticarət-iqtisadi əlaqələrin effektivliyinin artırılması;
ölkələrin milli təhlükəsizlik konsepsiyasının reallaşdırlması;
milli iqtisadiyyatların inkişafının artması və dünya iqtisadi inkişaf proseslərinin davamlılığı;
qloballaşma mühitində ölkələrin rəqabətlilik qabiliyyətinin yüksəldilməsi və milli iqtisadiyyatların innovasiya iqtisadiyyatına keçidinin sürətləndirilməsi və s.
Xarici insestisiya siyasətində inkişaf etmiş ölkələrin rolu xüsusilə seçilir və bu ölkələrə - ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Yaponiya, Kanada, Fransa, İsveçrə, Belçika-Lüksemburq (Benilüks), İsveç daxildir. Son dövrlərdə Çin sürətlə xarici investisiya siyasətini artırmaqdadır.
Azərbaycanda xarici investisiyaların qorunması və kapitalın hərəkəti 1992-ci il yanvarın 15-də qəbul edilmiş «Xarici investisiyaların qorunması haqqında» və 1995-ci ilin 13 yanvarında qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» Qanunla tənzimlənir.
Azərbaycanda ən iri investisiya layihələri 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin kontraktı» ilə bağlıdır. Bu kontraktdan keçən dövr ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 60 mlrd. ABŞ dollarına yaxın olmuşdur və bunun 40 mlrd. ABŞ dolları hasilat sahəsinə yönəldilmişdir.