MULTİKULTURALİZMƏ GİRİŞ
56
II FƏSİL
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR
FORMALARI
2.1. Dinin mahiyyəti və onun meydana gəlməsinə dair
nəzəriyyələr
Din insanlıq tarixində universal ictimai institut kimi çıxış edir. Tarixi,
antropoloji və sosioloji tədqiqatlar göstərmişdir ki,
istər ənənəvi, istərsə də
müasir cəmiyyətlər özünəməxsus dini etiqad sisteminə malikdir. Şübhə yoxdur
ki, dinin universallığı onun cəmiyyət həyatı üçün yerinə yetirdiyi əhəmiyyətli
rollar və funksiyalarla bağlıdır. Belə olduğu halda,
dinin mahiyyətini, onun
meydana gəlmə və inkişaf qanunauyğunluğunu elmi konsepsiyalar əsasında
öyrənmək zərurəti yaranır. Bu zərurətin nəticəsi olaraq, XVIII əsrdən etibarən
dinin mahiyyəti, mənşəyi, cəmiyyətdəki rolu və yerini təhlil edən müxtəlif
nəzəriyyələr irəli sürülmüşdür.
Bu nəzəriyyələr din fenomenini əsasən iki tərəfdən izah etməyə çalışır:
I.Dinin
strukturunun əsas elementləri;
II. Dinin cəmiyyətdəki rolu və funksiyası.
Dinin strukturu əsasən üç formada təzahür edir:
1. Fövqəltəbii varlığa inam;
2. Dini fəaliyyət;
3. Dini təşkilatlar. Başqa sözlə desək, din - fövqəltəbii varlığa və ya
qüvvələrə etiqad etmək, onlara pərəstiş göstərmək, ayin və mərasimləri yerinə
yetirmək, nəhayət, öz inancını ifadə etmək məqsədilə dini qruplarda birləşmək
deməkdir.
Dinin mahiyyəti ilə bağlı konsepsiyaların bəzilərini nəzərdən keçirək.
İngilis antropoloqu Edvard Bernet Teylor (1832-1917)
dinin mahiyyətini
“ruhani varlıqlara inanmaq”
kimi xarakterizə etmişdir. Burada “ruhani
varlıqlar” ifadəsi insan idrakının fövqündə duran, fövqəltəbii güclərə malik
olduğuna inanılan metafizik varlıqlar (tanrı, mələk və s.) kimi başa düşülür.
Dinin mahiyyətini tanrıya (monoteist dinlər) və ya tanrılara (politeist dinlər)
etiqad etməklə əlaqələndirən fikirlər də geniş yayılmışdır.
57
DİNİN MAHİYYƏTİ
VƏ ONUN TƏZAHÜR FORMALARI
Dini fenomenoloji baxımdan öyrənən tədqiqatçılar hesab edirlər ki, dinin
səciyyəvi cəhətlərindən birini də müqəddəslik və ya fövqəltəbiilik duyğusu
təşkil edir. Burada fövqəltəbiilik insanın ruh aləmində qorxu və ya xof yaradan,
sirli bir hissiyyat kimi təzahür edir. Bu mənada məşhur antropoloq Rudolf Otto
(1869-1937) dini
“müqəddəs olanın təcrübə edilməsi”
şəklində xarakterizə edir.
Onun fikrincə, din insanın müqəddəs qəbul edilən varlıqla qarşılıqlı əlaqəsindən
ibarətdir. Burada dini təcrübə müqəddəs varlığın hiss edilməsi, ona yaxınlaşma
və onu bilavasitə təcrübə etmək kimi başa düşülür.
Dinin mahiyyətinin funksional izahı dinin fərd və cəmiyyət üçün oynadığı
rolları nəzərdə tutur. Bu izahda dinin cəmiyyəti bütünləşdirən və eyni inancları
daşıyan insanlar arasında həmrəylik yaradan xüsusiyyətləri vurğulanır.
Dinin
fərd üçün əhəmiyyətinə gəlincə, bu daha çox insanın mənəvi həyatı və psixikası
ilə əlaqədardır. Belə ki, din insan həyatına məna qazandırır, onu mənəvi böhran,
ümidsizlik, depressiya və digər psixoloji problemlərdən qoruyur. Dinin sosioloji
nəzəriyyəsini hazırlamaqda böyük xidmətləri olan görkəmli fransız sosioloqu
Emil Dürkheym (1858-1917) hesab edir ki, “
din müqəddəs varlıqla bağlı
inamlar və ayinlərdən ibarət olan, inananları mənəvi bir birlik və ya dini qrupda
birləşdirən, beləliklə ictimai həmrəylik yaradan sistemdir”.
Bu tərifdə dinin
mahiyyəti izah olunmaqla yanaşı, onun insanları mənəvi bağlarla birləşdirmə
funksiyası da qeyd edilir.
Dinin meydana gəlməsinə dair irəli sürülən nəzəriyyələr ciddi mübahisələrə
səbəb olmuşdur. Bu mübahisələrin əsasında dinə müxtəlif aspektdən yanaşma
və metodoloji fərqlər durur. Ümumiyyətlə, sosial elmlərdə metodoloji baxımdan
dinə yanaşma tərzinin iki əsas istiqaməti mövcuddur:
Dostları ilə paylaş: