Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə67/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.2.Yəhudilik
Yəhudilik (digər adları: iudaizm, musəvilik, yəhudi dini) dünyanın ən 
qədim monoteist dinlərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda 
yer alan iudaizm, eyni zamanda yəhudi xalqının dini-etnik kimliyini ifadə edir.
Hazırda dünyada iudaizmin mənsubları hesab olunan yəhudilərin sayı 14 
milyondan yuxarıdır.
4.1.2.1. Tarixi
İbrahimdən Musaya qədər olan dövr 
(Əcdadlar dövrü)
Yəhudiliyin ilk dövrü ilə bağlı yeganə mənbə “Tövrat”dır. Bu müqəddəs 
kitaba əsasən, yəhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki, 
Mesopotamiyanın Ur şəhərində yaşayan İbrahim Tanrının istəyi ilə Kənan 
diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlar. –Red.) köçmüşdür. 
“Tövrat”dakı rəvayətə görə, ilahi vədin təzahürü olaraq İbrahimin yaşlı vaxtında 
cariyəsi Həcərdən İsmayıl, sonra isə həyat yoldaşı Saradan İshaq adlı iki oğlu 
doğulmuşdur. Lakin Tanrı İshaqın oğlu Yaqubun soyundan gələnləri seçilmiş 
nəsil kimi tanıdığını bəyan etmiş və bu nəslin Kənan torpaqlarına sahib olacağına 
dair vəd vermiş, beləcə “İsrail övladları” adlanan nəsil meydana gəlmişdir. 
İbrahim peyğəmbərin digər oğlu İsmayıldan isə “İsmail oğulları” adlı nəsil 
törəmişdir. Bununla yanaşı, “Tövrat”ın “Yaradılış” kitabında İsrail övladlarının 
on iki qəbiləyə bölünməsindən bəhs olunmuşdur.
Qeyd edək ki, tədqiqatçılar tərəfindən yəhudilərin əcdadlar dövründəki 
dini inancları ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzi araşdırmaçılara 
görə, yəhudilər arasında əcdadlar dövründə animist inanclar geniş yayılmış 
və çoxallahlılıq hökm sürmüşdür. Digər nəzəriyyəyə görə isə, hələ əcdadlar 
dövründə yəhudilər arasında monoteizm mövcud olmuşdur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
152
Musadan Birinci məbədin dağıdılmasına 
qədər olan dövr
“Tövrat”ın “Yaradılış” kitabına görə, yəhudilərin Misirdəki tarixi Yaqub 
peyğəmbər və onun oğullarının bu ölkəyə köçməsi ilə başlayır. On iki qəbiləyə 
bölünən yəhudi xalqı Misirdə bir müddət firavan yaşamış, lakin sonradan qula 
çevrilmişlər. 
“Tövrat”a əsasən, Misirdə yəhudiləri köləlikdən Musa peyğəmbər xilas 
etmişdir. Rəvayətə görə, Horeb dağında Tanrı Musaya səslənmiş və ona İsrail 
övladlarını Misirdəki əsarətdən xilas etmək tapşırığını vermişdir. Bu hadisə 
Musanın peyğəmbərliyinin başlanğıcı hesab olunur. Rəbbin əmrini insanlara 
çatdıran Musa peyğəmbər bu işdə qardaşı Harunu özünə köməkçi götürmüşdür. 
Musanın rəhbərliyi altında yəhudilərin Misirdən çıxardılması, onların 
möcüzəvi şəkildə fironun zülmündən xilas olmaları, Sina dağında Tanrı ilə əhd 
bağlamaları İsrail övladlarının tarixində ikinci dönüş nöqtəsi sayılır. “Sina əhdi” 
adlanan bu razılıq zamanı Yahova (“Tövrat”a görə, Tanrının adı) tərəfindən 
Musaya “Tövrat” verilmişdir. Həmçinin Yahova yəhudilərə vəd etmişdir ki, 
İsrail övladları onun əmrinə uyğun şəkildə yaşayacaqları təqdirdə, onlar Tanrının 
seçilmiş milləti olacaq və Kənan torpaqlarını əldə edəcəklər.
Buna baxmayaraq İsrail övladları vəd edilən Kənan torpaqlarına daxil 
ola bilməmişlər. Belə ki, Tanrının “On əmri”ni almaq üçün Musa peyğəmbər 
Sina dağına qalxır və orada qırx gün qalır. Bu zaman yəhudilər qızıldan buzov 
bütü düzəldərək ona ibadət etməyə başlayır və Musaya üsyan qaldırırlar. Bu 
xəyanətə görə, Tanrı onları qırx il səhrada yaşamağa məcbur edir və vəd olunmuş 
torpaqları onlara vermir.
Rəvayətə görə, Musa 120 yaşında Moav ölkəsində (Qərbi İordaniya) 
vəfat etmişdir. Onun ölümündən sonra Yeşu peyğəmbərin başçılığı ilə Kənan 
torpaqları yəhudilər tərəfindən ələ keçirilmiş və on iki yəhudi qəbiləsi arasında 
bölüşdürülmüşdür. Yeşu peyğəmbərin ölümündən sonra bir müddət lidersiz 
qalan yəhudilər “Şoftim” adlanan hakimlər tərəfindən idarə olunmuşlar. Sonra 
isə onlara Samuel adlı peyğəmbər göndərilmişdir. Samuel İsrail övladlarına 
Saulu (Talut) kral təyin etmişdir. Saulun ölümündən sonra fələstinlilərlə 
döyüşdə böyük uğur qazanan Davudu Yəhuda qəbiləsi kral seçmişdir. Davud 
Yerusəlim (Qüds) şəhərini azad edərək birləşmiş İsrail krallığının paytaxtı elan 


153
MİLLİ DİNLƏR 
etmişdir. Onun dövründə yəhudilər tərəfindən bütün Kənan diyarının fəthi 
yekunlaşmışdır.
Davud yəhudi tarixinin ən mühüm şəxsiyyətlərindən biridir və peyğəmbər 
hesab olunur. Onun ölümündən sonra yerinə keçən oğlu Süleyman müdrik 
hökmdar kimi tanınmış və ona da peyğəmbərlik verilmişdir. Süleyman həmçinin 
Qüds şəhərində Moria təpəsində böyük məbəd inşa etdirmişdir. Rəvayətə görə, 
həmin məbəddə “Əhd sandığı” yerləşdirilmişdi. Bu sandıqda Sina dağında Tanrı 
tərəfindən Musaya verilən və üzərində on ilahi əmr həkk olunmuş daş lövhələr 
saxlanılırdı.
O zamanlar Süleyman Məbədi yəhudilərin yeganə məbədi idi. Dini mərkəz 
rolunu oynayan həmin ibadətgahda dini məsələlər həll olunurdu. Buna görə də 
yəhudi tarixində sözügedən dövr “Birinci Məbəd dövrü” adlandırılır. 
Süleyman peyğəmbərin vəfatından sonra İsrail krallığı iki hissəyə 
parçalanmışdır. Belə ki, Yəhuda tayfası və Binyamin qəbiləsinin yarısı 
Süleymanın oğlu Rovoamı öz hökmdarı kimi tanımışdır. Bununla da paytaxtı 
Qüds şəhəri olan və Davudun nəsli tərəfindən idarə olunan Yəhuda krallığı 
meydana gəlmişdir. Digər on yəhudi qəbiləsi isə Rovoamın hakimiyyətini qəbul 
etməyərək I İyerovoamı öz hökmdarı kimi tanımış, nəticədə Şimali İsrail krallığı 
yaranmışdır. Müxtəlif hökmdar nəsilləri tərəfindən idarə olunan bu krallığın 
paytaxtı əvvəlcə Şxem (indiki Nablus), sonra isə Tirsa şəhərləri olmuşdur.
Tövrata görə, I İyerovoam Yəhuda krallığı ilə əlaqəni tamamilə kəsmək 
üçün Qüdsdəki Süleyman Məbədinə alternativ olaraq Dan və Beytel şəhərlərində 
iki ibadət yeri tikdirmişdir. Habelə Süleyman Məbədinə gedişin qarşısını almaq 
üçün bayram günlərinin tarixini dəyişdirmişdir. Yəhudilər belə davranışı 
Tanrıya üsyan kimi qəbul etmişlər. Əhdi-Ətiqdə qeyd olunur ki, I İyerovoam 
və sonrakı krallar peyğəmbərlərin xəbərdarlıqlarına baxmayaraq, doğru yoldan 
azaraq bütpərəst olmuşlar. Odur ki, Tanrı Şimali İsrail krallığını cəzalandırmış, 
bu yəhudi dövləti Assuriya imperiyası tərəfindən işğal olunmuş və burada 
məskunlaşmış on yəhudi qəbiləsi sürgünə məruz qalmışdır. 
Tarixi mənbələrdə assurlular tərəfindən əsir alınan on qəbilənin aqibəti 
haqqında dəqiq məlumatlara rast gəlinmir. Həmin tayfaların sürgün edildikləri 
yerlərdə assimilyasiyaya məruz qaldıqları ilə bağlı nəzəriyyələr mövcuddur. 
Əksər yəhudilər on qəbilənin Məsih (gəlişi gözlənilən qurtarıcı.- Red.) dövründə 
vəd edilən torpaqlara qayıdacağına inanırlar. 


MULTİKULTURALİZMƏ GİRİŞ
154
Şimali İsrail krallığının süqutundan sonra Yəhuda krallığı da e.ə. 586-cı 
ildə Babil kralı II Navuxodonosor tərəfindən işğal edilmişdir. Bu zaman Qüds 
şəhəri məhv edilmiş, 364 il mövcud olan Süleyman Məbədi dağıdılmış, Yəhuda 
krallığının əhalisinin xeyli hissəsi Babilə sürgünə göndərilmişdir. Beləliklə, 
yəhudi dövlətçiliyinə son qoyulmuşdur. 
Əlli ildən yuxarı davam etmiş Babil sürgünü və ya Babil əsarəti yəhudilərin 
dini həyatlarına təsir göstərmişdir. Vətəndən kənarda qapalı icma halında 
yaşamağa məcbur qalan yəhudilər üçün Tövrat birləşdirici rol oynamışdır. Babil 
əsarəti vaxtı yəhudilər Tövratı öyrənmək və birlikdə ibadət etmək üçün evlərdə 
toplaşmağa başlamışlar. Daha sonra ibadət etmək üçün onlar xüsusi binalar – 
sinaqoqlar (yunancadan tərcümədə “yığıncaq” mənasını verir. İvrit dilində “beyt 
knesset” – yəni “yığıncaq evi”) tikmişlər. Beləliklə, günümüzdə yəhudilərin dini 
həyatında böyük rol oynayan sinaqoqlar məhz Babil əsarəti dövründə yaranmışdır. 
Həmçinin məhz Babil əsarəti dövründə başqa xalqların nümayəndələri onları 
yəhudi adlandırmışdır. Çünki onlar əslən Yəhuda krallığından olmuşlar.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin