IV BÖLMƏ
MULTİKULTURALİZM
MULTİKULTURALİZMƏ GİRİŞ
262
VII FƏSİL
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ
MÜXTƏLİFLİYİN TƏNZİMLƏNMƏSİNİN
SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
7.1. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə
münasibətdə mümkün siyasət modelləri:
assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm
Dərslyin I fəslində qeyd olunduğu kimi, tarixi, coğrafi, siyasi, sosial-
iqtisadi, hərbi və digər faktorların təsiri altında formalaşan etnik, irqi, dini
və mədəni müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, ümumiyyətlə
mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin
əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Lakin bu müxtəlifliklər
dövlət tərəfindən düzgün tənzimlənməlidir, əks halda cəmiyyətin inkişafının
müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır.
Biz həmçinin qeyd etdik ki, multikulturalizm bir siyasət modeli kimi
cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə
dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bir
siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana
gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi,
dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki
siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya.
Assimilyasiya siyasəti
milli azlıqların etnik-mədəni dəyərlərini titul
(əsas) etnosun
mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni
müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli
azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə
hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya
olmalarına imkan vermir.
263
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
İzolyasiya
siyasəti 2 formada özünü büruzə verir:
a. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur;
b. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına
mane olmaq məqsədilə onları təcrid edir.
İkinci halda bu siyasət
aparteid
adlanır.
Aparteid
(afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq”
mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq
olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan
Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil
edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”,
“rənglilər” və “hindlilər” . 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali
yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə
ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş
hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi
həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə,
digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Cənubi
Afrika Respublikasında aparteid sistemi bu ölkənin ilk qaradərili prezidenti,
Nobel Sülh mükafatı laureatı Nelson Mandelanın rəhbərliyi altında 1994-cü ildə
demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.
Ağ əhali üçün taksi. Aparteid siyasəti. Cənubi Afrika Respublikası.
MULTİKULTURALİZMƏ GİRİŞ
264
Tarixi hadisələrin sonrakı gedişatı etnik-mədəni müxtəlifliyin
tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi.
Belə ki, xalqların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə
həyatlarında müsbət rol oynayan etnik-mədəni dəyərlərin rolunun artdığı
bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma,
mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu
müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə
yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-
70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli
ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca
səbəblərindən biri olmuşdur.
Artıq qeyd olunduğu kimi, multikulturalizm siyasətinin əsasında
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.
Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə
yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların
etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri
qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-
mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı
təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə
inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir.
Dostları ilə paylaş: |