MULTİKULTURALİZMƏ GİRİŞ
88
Roma Katolik Kilsəsinin başçısının qərarları Ümumdünya Kilsə
Məclislərinin qərarlarından belə üstün tutulur.
Katolik təlimə əsasən, Roma
Papası dini məsələlərlə bağlı qərar verərkən qətiyyən səhv buraxmır. 1870-ci
ildə Birinci Vatikan Məclisində qəbul edilmiş həmin ehkama görə, pontifik
etiqadi və əxlaqi məsələlərlə bağlı rəsmi şəkildə çıxış
edən vaxt Müqəddəs
Ruhdan xüsusi ənam alır. Bu ənam kilsə başçısını əqidə mövzularında səhv fikir
bildirməkdən qoruyur.
Katoliklikdə Məryəm Ana İsa Məsihə bərabər tutulur. Belə ki, xristianlıqda
“İsa Məsihin pak döllənməsi” haqqında ehkam mövcuddur. Bu ehkama əsasən,
İsa Məsih möcüzəvi şəkildə Müqəddəs Ruhdan döllənmiş və Bakirə Məryəm
tərəfindən dünyaya gətirilmişdir. Katolik etiqadında isə bu dini təlimlə yanaşı,
“Bakirə Məryəmin pak döllənməsi” barədə ehkam da vardır. Həmin katolik
ehkamına əsasən, Bakirə Məryəm İoakim və Anna adlı adi valideynlər tərəfindən
dünyaya gətirilsə də, onun da döllənməsi məsumanə şəkildə baş vermişdir.
Katolik ehkamın başqa fərqli cəhətləri də var. Belə ki, pravoslav və
protestantlardan
fərqli olaraq, katoliklər Ərafa (dini təsəvvürə görə, cənnətlə
cəhənnəm arasında yer. – Red.) inanırlar. Bununla yanaşı,
Roma Katolik
Kilsəsinin özünəməxsus “filiokve” (lat. Filioque - “oğuldan” . – Red.) adlı təlimi
mövcuddur. Həmin dini təlimə əsasən, Müqəddəs Ruh təkcə Ata Tanrıdan deyil,
həm də Oğul Tanrıdan, yəni İsa Məsihdən gəlir.
Katoliklər imanın mənbəyi kimi Bibliya və Müqəddəs Rəvayəti
qəbul edirlər. Katolik kilsəsinə görə, Müqəddəs Rəvayət - İman Rəmzindən
(xristianlığın inanc əsaslarının qısa ifadəsi. – Red.), Kilsə Ataları
və Kilsə
Müəllimlərinin
dini
təlimləri, habelə Ümumdünya Kilsə Məclislərinin
qərarlarından ibarətdir.
Katoliklərə görə, ümumdünya kilsə məclislərinin sayı iyirmi birdir. Belə
ki, 1054-cü ildə xristian dünyası iki qola parçalandıqdan sonra Roma Katolik
Kilsəsi yalnız özünün keçirdiyi məclisləri də ümumdünya kilsə məclisi kimi
səciyyələndirmişdir. Axırıncı belə katolik məclis (II Vatikan Məclisi) 1962-
1965-ci illərdə keçirilmişdir.
Roma Katolik Kilsəsində dyakonlar
istisna olmaqla, ruhanilərə evlənmək
qadağandır. Bu dini hökm katoliklikdə “selibat” (latınca “subay kişi” mənasına
gəlir. – Red.) adlanır. Katoliklikdə boşanmaq demək olar ki, qeyri-mümkündür.
Bu xristian
məzhəbində həmçinin fransiskan, karmelit, dominikan,
89
DÜNYA DİNLƏRİ
avqustin kimi müxtəlif yoxsul ordenlərə (cəmiyyətlərə)
bölünən rahiblik
institutu mövcuddur.
Katoliklər diofizit dini təliminə etiqad bəsləyirlər. Həmin təlimə əsasən,
İsa Məsihin həm insani, həm də ilahi təbiəti mövcuddur. Katolikliyin ardıcılları
mələklərə, müqəddəslərə və onların qurumuş cəsədlərinə, “müqəddəs” əşyalara
sitayiş edirlər. Roma Katolik Kilsəsi ikonapərəstliyi qəbul edir. Lakin katoliklikdə
pravoslavlıqla müqayisədə ikonalara daha az əhəmiyyət verilir.
İbadətlərin yerinə yetirilməsi formasına görə katoliklər latın ayinli,
şərq ayinli, milan ayinli, braq ayinli və mosarab ayinli kimi müxtəlif qruplara
bölünürlər. Bu qruplar içində sayca ən böyük olanı latın ayinli katoliklərdir.
Latın və ya Roma ayinli katoliklər beş düz barmaqla soldan sağa xaç çevirirlər.
Onlarda əsas ibadət dili latın dilidir. Lakin II Vatikan Kilsə Məclisinin qərarı ilə
latın ayinli katoliklərə də milli dillərdə ibadət etməyə icazə verilmişdir.
Hər il dekabr ayının 25-də keçirilən İsa Məsihin Miladı katoliklərin ən
əsas dini bayramı sayılır. Sırf katolik dini bayramları bunlardır: İsa Məsihin
cismi günü, İsanın müqəddəs qəlbi bayramı, Padşah İsanın bayramı və s.
Bununla yanaşı, katoliklikdə Müqəddəs Məryəmə 16 bayram həsr olunmuşdur.
Xüsusən 8 dekabrda keçirilən Bakirə Məryəmin Pak Döllənməsi bayramı böyük
əhəmiyyətə malikdir.
Katoliklərdə xaç dördguşəlidir.
Dostları ilə paylaş: