109
DÜNYA DİNLƏRİ
Nübüvvət
Peyğəmbərlərə iman gətirmək İslamın ikinci inanc əsasını təşkil edir. Dini
ədəbiyyatda bu inanc əsası “nübüvvət” (ərəb dilində “peyğəmbərlik” mənasına
gəlir) termini ilə ifadə olunur. İslama görə, Allah bəşəriyyətə və ya hər hansı
topluma doğru yol göstərmək üçün insanlar arasından seçdiyi öz elçilərini
göndərir. Onlar Tanrıdan vəhy alır, günah işləmir, müdrikliyi, zəkası, sədaqəti,
etibarlı olmaları ilə seçilir, qətiyyən yalan danışmır və digər üstün əxlaqi
keyfiyyətləri ilə seçilirlər.
Müsəlmanlar inanırlar ki, Məhəmməd peyğəmbər Allahın sonuncu
elçisidir və ondan sonra Tanrı tərəfindən heç bir peyğəmbər göndərilməyəcək.
Axirət
İslamın inanc əsaslarından biri ölümdən sonrakı həyatın varlığına
inanmaqdır. Müsəlmanlar ölümdən sonrakı həyata “axirət” (ərəb dilində “son”,
“sonuncu gün” deməkldir) və ya “məad” (ərəb dilində “qayıdış” mənasına gəlir)
deyirlər.
Axirət inancına əsasən, insanlar öldükdə onların ruhları bədənlərindən
ayrılaraq yaşamağa davam edir. Qiyamətədək sürən bu ruhani həyata müsəlman
qaynaqlarında “bərzəx” (ərəb dilində “aralıq“, “keçid” mənasına gəlir) adı
verilmişdir. Qiyamət qopduqda insanlar yenidən dirildiləcək, dünyada etdikləri
əməllərinə görə Allah tərəfindən mühakimə olunacaqlar. Yaxşı əməl sahibləri
“cənnət” adlanan əbədi mükafat yurduna, pis əməl sahibləri isə “cəhənnəm”
deyilən cəza yurduna göndəriləcəklər. Beləliklə, insanların dünyada etdikləri
yaxşı və pis işlər əvəzsiz qalmayacaqdır.
Dostları ilə paylaş: