Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə55/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   175
1 Multikulturalizmə giriş 2019

2. 
Əşərilik. Məzhəbin banisi Əbül-Həsən Musa ibn İsmail əl-Əşəridir (837-
935). Bu etiqadi məzhəbə görə, bəşər övladının bütün əməlləri Allah tərəfindən 
yaradılmışdır, insan yalnız bu xəlq edilmiş hərəkətləri öz istək və səyinə uyğun 
olaraq mənimsəyir. Gördüyümüz kimi, əşərilər insanın iradəsi məsələsində 
qədərçi (insan taleyinin əvvəlcədən Allah tərəfindən müəyyənləşdirildiyi və 
bəşər övladının bunu dəyişdirməyə qüdrəti çata bilməyəcəyini öyrədən təlim 
və ya dünyagörüşü tərzi. – Red.) dünyagörüşə yaxın olmuşlar. Həmçinin 
onlar qadın peyğəmbərlərin göndərildiyinə, qəlbdəki imanın artıb və ya azala 
biləcəyinə inanır, “Quran”da Allahın sifətləri ilə bağlı ayələri məcazi mənada 
şərh edir və s. 
Şafeilik və malikilik hüquqi məktəblərinin ardıcıllarının əksər hissəsi 
etiqadi baxımından əşərilik məzhəbinə mənsubdur. 
3. 
Matüridilik.
Məzhəbin banisi Əbu Mənsur Məhəmməd ibn Məhəmməd 
əl-Matürididir (?-944). Bu etiqadi məzhəb əşəriliyə nisbətən insanın öz 
əməllərində daha azad olduğunu qəbul edir. Matüridiliyə görə, mütləq və külli 
iradəyə malik olan Allah bəşər övladına cüzi iradə verib. Məhz bu iradə ilə insan 
öz hərəkətlərini həyata keçirir. Matüridilər bildirirlər ki, Allahın varlığını ağıl 
vasitəsilə dərk etmək mümkündür. Lakin insanın ağlı vəhy yolu ilə bildirilən 
Allahın əmr və hökmlərinin hikmətini anlamaq iqtidarında deyildir. Odur ki, 
insan bu məsələdə ağla deyil, vəhyə güvənməli, yəni imanla Allahın buyruqlarına 
əməl etməlidir. Hənəfilik hüquqi məktəbinin mənsublarının əksər hissəsi etiqadi 
baxımından matüridilik məzhəbinə aiddirlər. 
Sünnilikdə mövcud olan etiqadi və hüquqi məzhəbləri nəzərdən 


MULTİKULTURALİZMƏ GİRİŞ
118
keçirdikdən sonra qeyd etməliyik ki, bu məzhəbdə altı hədis toplusu ən etibarlı 
hədis mənbələri kimi qəbul olunur. Həmin hədis topluları bunlardır:
1. “əl-Camius-səhih” və ya “Səhihi-Buxari” - müəllifi Məhəmməd ibn 
İsmail əl-Buxaridir (810-870); 
2. “əl-Camius-səhih” və ya “Səhihi-Müslim” - müəllifi Müslim ibn 
Həccacdır (821-875). Qeyd etmək lazımdır ki, “Səhihi-Buxari” və “Səhihi-
Müslim” sünni məzhəbində ən etibarlı hədis məcmuələri sayılır; 
3. “Sünəni-Əbu Davud” - müəllifi Əbu Davud Süleyman ibn əl-Əşəs 
əs-Sicistanidir (817-888);
4. “əl-Camius-səhih” və ya “Sünəni-Tirmizi” - müəllifi Məhəmməd ibn 
İsa ət-Tirmizidir (824-892);
5. “Sünəni-İbn Macə” - müəllifi İbn Macə əl-Qəzvinidir (824-887);
6. “Sünəni-Nəsai” - müəllifi Əhməd ibn Şüeyb ən-Nəsaidir (829-915).
II. Şiəlik
İslamın ikinci ən böyük istiqaməti şiəlikdir. Dünya müsəlmanlarının təqribən 
10-20 faizi bu məzhəbə mənsubdur. Xəlifəlik məqamının Əli ibn Əbu Talibə və 
onun övladlarına məxsus olduğunu irəli sürən məzhəb və dini cərəyanlar “şiə” 
adlandırılmışdır. Ərəb sözü olan “şiə” Azərbaycan dilinə tərcümədə “tərəfdar” 
mənasını verir, yəni şiə dedikdə “Əli tərəfdarları” nəzərdə tutulur. 
Müasir dövrdə şiəliyin üç əsas qolu mövcuddur: 1. İmamilik (imamiyyə); 
2. İsmaililik; 3. Zeydilik. Həmin məzhəblərə nəzər yetirək.
1. İmamilik.
 
Şiəlikdə mənsublarının sayına görə ən böyük məzhəb 
imamilikdir. Bu məzhəbin mənsubları dünyadakı şiələrin təqribən 85 faizini 
təşkil edir, yaxud daha dəqiq desək, imamiliyin ardıcıllarının ümumi sayı 150-
200 milyon arasında dəyişir. Azərbaycan, İran, İraq, Livan və Bəhreyndə yaşayan 
müsəlmanların əsas hissəsini imamilik məzhəbinin mənsubları təşkil edir.
İmamilikdə “üsuli-din” (ərəb dilində “dinin kökləri” deməkdir) adlanan 
5 etiqad əsası mövcuddur: 1. Tövhid; 2. Nübuvvət; 3. Məad (ərəb dilində 
“qayıdış” mənasına gəlir – Red.), yəni axirətə inanmaq; 4. İmamət; 5. Ədl, yəni 
ilahi ədalətə inanmaq. Həmçinin imamiliyə görə, müsəlmanlar “fürui-din” (ərəb 
dilində “dinin budaqları” mənasına gəlir) adlanan bu on əməli hökmə riayət 
etməlidirlər: 1. Namaz; 2. Oruc; 3. Həcc; 4. Zəkat; 5. Xüms (ərəbcə “beşdə bir” 
deməkdir) – illik gəlirin artıq qalanının beşdə bir hissəsini vermək; 6. Cihad


119
DÜNYA DİNLƏRİ 
; 7. Yaxşılığı əmr etmək; 8. Pis əməllərdən çəkindirmək; 9. Təvəlla (ərəb dilində 
“dostluq”, “məhəbbət” mənasına gəlir) – Allahın sevdiyi insanları sevmək və 
daim onlarla dost olmaq; 10. Təbərra (ərəbcə “üz çevirmək”, “rədd etmək” 
deməkdir) – Allahın sevmədiyi insanlardan uzaq olmaq. 
Qeyd etiyimiz kimi, imamiliyin 5 inanc əsalarından birini imamət etiqadı 
təşkil edir. Bu etiqada görə, Allah tərəfindən Məhəmməd peyğəmbərin kürəkəni 
Əli ibn Əbu Talib, onun övladları Həsən və Hüseyn, eləcə də Hüseynin soyundan 
gələn 9 nəfər müsəlmanlara imam, yəni rəhbər təyin olunmuşlar. Beləliklə, 
imamilik məzhəbinin mənsubları on iki imamı istər dini, istər dünyəvi işlərdə 
öz rəhbərləri kimi qəbul edirlər. Odur ki, imamilik həm də “on iki imam şiəliyi” 
(ərəb dilində “əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə”) adı ilə tanınır. 
İmamilik məzhəbinin ardıcılları inanırlar ki, on iki imama ilahi biliklər 
verilmiş və onlar peyğəmbərlər kimi məsumluq sifətinə malik olmuşlar, yəni 
qətiyyən günah iş görməmişlər. Bu səbəbdən şiələr hesab edirlər ki, Məhəmməd 
peyğəmbərlə yanaşı, imamların da həyatı müsəlmanlar üçün örnəkdir.
On iki imam şiəliyində ”Əhli-beyt”ə (ərəb dilində “ev əhli” mənasına 
gəlir) sevgi və ehtiram xüsusi yer tutur. “Əhli-beyt” dedikdə, Məhəmməd 
peyğəmbərin ailəsi nəzərdə tutulur. Şiələrə görə, xüsusi seçilmiş şəxslər, yəni 
Əli ibn Əbu Talib, onun oğulları Həsən və Hüseyn, Məhəmməd peyğəmbərin 
qızı Fatimə, habelə Hüseynin nəslindən gələn digər doqquz imam “Əhli-beyt”ə 
mənsubdur. Onlardan fərqli olaraq, sünnilər Məhəmməd peyğəmbərin bütün 
ailə üzvlərini “Əhli-beyt”ə aid edirlər. 
İmamilik məzhəbinin etiqadına görə, İmam Mehdi adı ilə tanınan on 
ikinci imam Məhəmməd ibn Həsən X əsrin birinci yarısında qeybə çəkilmişdir. 
Bu məzhəbin mənsubları inanırlar ki, İmam Mehdi bəşəriyyəti qurtarmaq üçün 
qiyamətə yaxın zühur edəcək və yer üzündə ədaləti bərpa edəcəkdir. Mehdi ilə 
bağlı inanc sünnilikdə də mövcuddur. Lakin sünnilər hesab edirlər ki, Mehdinin 
kim olduğu bilinmir, çünki o, qiyamətdən əvvəl dünyaya gələcəkdir.
Onu da qeyd etmək lazımdır ki, İslam dünyasında imamilik həm də ayrıca 
hüquqi məktəb kimi də qəbul olunur. Bu fiqhi məzhəbin hüquqi metodlarının 
sistemləşdirilməsində altıncı imam Cəfər ibn Məhəmməd əs-Sadiq (700/702 — 
765) böyük rol oynadığı üçün imamilik məzhəbinin fiqhi məktəbi “cəfərilik” adı 
ilə tanınmışdır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin