123
DÜNYA DİNLƏRİ
ərəblər yerli əhalinin dini inanclarına toxunmamağı, adət və məişətlərinə
qarışmamağı öhdələrinə götürürdülər. Həmçinin ölkəni tərk etmək istəyənlərə
özlərinə sığınacaq tapanadək aman verilirdi, yerli əhalidən ərəb ordusunda
könüllü xidmətə daxil olanlardan həmin il vergi alınmırdı.
Ərəblərin Şimali Azərbaycana hücumu isə 639-cu ilə təsadüf edir.
Həmin il ərəb qoşunlarının başçısı Bukeyr ibn Abdullah Şimali Azərbaycana
basqın edərək əhalinin güclü müqaviməti ilə üzləşdi.
Döyüşlər bir neçə il
çəkdi, nəticədə 642-ci ildə ərəblər çətinliklə Muğanı işğal edə bildilər. Buranın
əhalisi ilə də ərəblər müqavilə bağladı. Bu sazişdə də mərzban İsfəndiyar
ilə bağlanan müqavilənin şərtləri təkrar olunurdu, sadəcə alınan cizyənin
miqdarı fərqli idi.
Bağlanan müqavilələrə rəğmən, ərəblər Azərbaycan əhalisini özlərinə
asanlıqla tabe etdirə bilmədilər. Çünki ərəb qoşunları getdikdən sonra əhali üsyan
qaldırıb ərəblərlə bağlanan müqavilənin şərtlərinə riayət etmək istəmirdi. Bu isə
Ərəb xilafətini yenidən regiona qoşun göndərməyə vadar edirdi. Məsələn, 646-
cı ildə ərəb ordusu Valid ibn Ukbənin başçılığı ilə Cənubi Azərbaycana yenidən
yürüş etdi və buradakı əhalinin müqavimətini qırdı. Ərəblər yerli əhali ilə təkrar
müqavilə bağladılar.
Yenə həmin il ərəb qoşunu sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə
Şimali Azərbaycana hücum çəkdi. Bu dəfə xilafət ordusu Naxçıvandan çıxaraq
Şəki və Gorus istiqamətində hərəkət etdi, Beyləqanı, Bərdəni, Şəmkiri, Qəbələni,
Şəkini, Şirvanı tutaraq əhalini vergi verməyə məcbur etdi.
Ərəb qoşunlarının bu fasiləsiz basqınlarına baxmayaraq, yalnız 90
illik kəskin mübarizədən sonra xilafət Azərbaycanın istilasını başa çatdıra
bildi. Belə ki, ərəblərin aramsız hücumları səbəbilə 651-ci ildə Sasanilər
imperiyası süquta uğradı, bunun nəticəsində Cənubi Azərbaycan xilafətin
tərkibinə qatıldı. Şimali Azərbaycan torpaqlarını əhatə edən Qafqaz
Albaniyası dövləti isə alban hökmdarı Cavanşirin müdrik siyasəti sayəsində
nisbi müstəqilliyini qoruya bildi. Əvvəllər Sasanilər
ordusunun tərkibində
ərəblərə qarşı vuruşan Cavanşir döyüşlərdə özünü cəsur və istedadlı sərkərdə
kimi göstərmişdi. Sasanilər imperiyası dağıldıqdan sonra bu görkəmli dövlət
xadimi Qafqaz Albaniyasının əvvəlki qüdrətini bərpa etməyə çalışdı. Lakin
onun hakimiyyət illəri olduqca mürəkkəb tarixi dövrə təsadüf etmişdi.
Qafqaz Albaniyasına bir tərəfdən xilafət qoşunları, digər tərəfdən isə xəzərlər
MULTİKULTURALİZMƏ GİRİŞ
124
hücum çəkirdi. Mövcud vəziyyəti nəzərə alan Cavanşır uzaqgörən siyasət
yürüdərək Ərəb xilafətinin vassalığını qəbul etdi. Bununla da ölkəsinin daxili
müstəqilliyini qorudu.
681-ci ildə (bəzi mənbələrdə 680-ci il göstərilir) sui-qəsd nəticəsində
Cavanşir qətlə yetirildi. Onun ölümü Qafqaz Albaniyasının sonrakı taleyinə ağır
təsir göstərdi. Bundan sonra Ərəb xilafəti bu qədim Azərbaycan dövlətinin daxili
müstəqilliyini tədricən əlindən almağa başladı. Nəhayət 705-ci
ildə Qafqaz
Albaniyası tamamilə müstəqilliyini itirərək xilafətin tərkibinə qatıldı.
Azərbaycan torpaqlarında Ərəb xilafətinin hökmranlığının bərqərar
olması barədə bəhs etdikdən sonra ərəblərin özləri ilə gətirdikləri yeni dinin -
islamın ölkəmizdə yayılma prosesi və səbəblərinə nəzər yetirmək lazımdır.
İslamın Azərbaycanda yayılma xəritəsinə baxdıqda görürük ki, bu din
atəşpərəstliyin və çoxtanrılı inancların hakim olduğu Cənubi Azərbaycanda,
eləcə də Şimali Azərbaycanın düzənlik yerlərində sürətlə yayılırdı.
Şimali
Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, yəni xristianlığın yayıldığı
regionlarda İslam dininin mövqeyi zəif idi. Bu onunla izah olunur ki, ərəblər
işğal etdikləri ölkələrdə, o sıradan Azərbaycanda “kitab əhli”nə (“əhli-kitab”),
yəni “Tövrat”, “Zəbur”, “İncil” kimi müqəddəs kitabları qəbul edən yəhudi və
xristianların etiqadlarına hörmətlə yanaşırdılar. Odur ki, xristianlıq ölkəmizin
dağlıq və dağətəyi hissələrində öz mövcudluğunu qoruya bildi.
“Əhli-kitab”dan fərqli olaraq, digər etiqadların mənsubları, o cümlədən
atəşpərəst və bütpərəstlər ərəblər tərəfindən təzyiq və təqiblərə məruz qalırdı.
Bu səbəbdən Cənubi Azərbaycan, eləcə də Şimali Azərbaycanın düzənlik
ərazilərində islam hakim dinə çevrildi. Lakin məşhur rus şərqşünası Vasili
Bartoldun
fikrincə, ərəblər atəşpərəstlərə belə toxunmamış və onlar arasında
islamı sülh yolu ilə yaymışlar.
İslamın yayılma səbəbini təkcə müsəlmanların başqa dinlərin mənsublarına
göstərdikləri münasibət kontekstində izah etmək də doğru deyildir. İslamın
regionda uğur qazanması müxtəlif səbəblərlə bağlıdır. Belə ki, ərəblərin
hücumlarına qədər Azərbaycan əhalisi Sasani-Bizans müharibələrindən,
xəzərlərin basqınlarından çox əziyyət çəkirdi. Habelə yerli əhali Sasanilər
dövləti tərəfindən yığılan ağır vergilərdən təngə gəlmişdi. Ağır vergilər altında
əzilən və aramsız müharibələrdən bezən əhali yeni din gətirərək asayiş və
səadət vəd edən ərəblərə inam və ümid bəsləyirdi. Çünki ərəblər ilk vaxtlar fəth
125
DÜNYA DİNLƏRİ
olunmuş ərazilərdə vergi aldıqdan sonra əhalinin dini etiqadına, adət-ənənələrinə
toxunmur və mümkün qədər insanların əmin-amanlığını qoruyurdular. Həmçinin
ilk dörd xəlifə dövründə verginin miqdarı Sasanilərin aldıqları vergidən xeyli
aşağı idi.
Sasanilərdən fərqli olaraq, ərəblər vergini tək-tək şəxslərdən deyil,
bütün ölkədən alırdılar. Qeyd olunanlar nəticədə yerli əhalidə islama rəğbət hissi
oyadırdı.
Əhalinin müxtəlif təbəqələrinin yeni dinə münasibəti də fərqli idi.
Məsələn, islamın mənəvi-əxlaqi, tərbiyəvi üstünlüklərini və gələcəyini düzgün
başa düşən, eyni zamanda öz əmlakını və imtiyazını əlində saxlamağa çalışan
hakim təbəqə bu dini tərəddüdsüz qəbul edirdi. Ərəb xilafətinin ticarətə və sənətə
rəğbətini nəzərə alan tacirlər və sənətkarlar da yeni dinə ləngimədən keçirdilər.
Şəhər yoxsulları, kəndilər və əhalinin kasıb təbəqəsinin nümayəndələri isə islamı
qəbul etdikdə yardımlar alır və güzəştlər əldə edirdilər. Bu isə yeni dinin sadə
camaat arasında yayılmasına gətirib çıxarırdı.
Azərbaycanın görkəmli şərqşünas alimi Ziya Bünyadovun fikrincə,
artıq VIII əsrin əvvəllərində islam ölkəmizdə hakim dinə çevrilmişdir. Bəzi
tədqiqatçıların fikrincə isə, islamın ölkəmizdə yayılma prosesi X əsrin II
yarısınadək davam etmişdir.
Dostları ilə paylaş: