4.1.1.5. Azərbaycanda Zərdüştilik
Bir sıra müasir alimlər Zərdüşt peyğəmbərin Cənubi Azərbaycanda
dünyaya gəldiyini bildirirlər. Qədim mənbələrə istinad edən orta əsr müsəlman
müəllifləri də bunu öz əsərlərində qeyd etmişlər. Məsələn, ibn Xordadbeh (820-
912), əl-Bələzuri (806-892), İbn əl-Fəqih əl-Həmədani (IX əsr), əl-Məsudi (896-
956), Yaqut əl-Həməvi kimi bir çox görkəmli müsəlman alimi Zərdüştün Cənubi
Azərbaycanın Urmiya ərazisində doğulduğunu vurğulamışlar.
Həmçinin tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan ərazisi zərdüştiliyin ilk
yayıldığı yerlərdən biri olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Atropatenada
Zərdüştilik hakim mövqeyə yüksəlmişdir. Həmçinin bu dövlətin paytaxtı Qazaka
şəhərində zərdüştilərin üç ən müqəddəs ziyarətgahından biri – Adurquşnasp
yerləşirdi.
Tarixi mənbələr sübuta yetirir ki, Zərdüştilik təkcə Cənubi Azərbaycanda
deyil, həm də Şimali Azərbaycan ərazisində geniş yayılmışdı. Qafqaz
Albaniyasında 313-cü ildə xristianlığı dövlət dini səviyyəsinə qaldıran Alban
hökmdarı Urnayrın Zərdüştiliklə apardığı mübarizə ondan xəbər verir ki,
erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisində Zərdüştün təliminə etiqad
bəsləyənlərin sayı az deyildi. Zərdüştilik əleyhinə siyasət digər Alban hökmdarları
tərəfindən davam etdirilsə də, Qafqaz Albaniyası ərazisində zərdüştilərin dini
icmaları varlığını qoruya bilmişdir.
VII əsrdə İslamın gəlişindən sonra Azərbaycanda xristianlıq kimi,
zərdüştiliyin də nüfuzu get-gedə zəiflədi və Zərdüştün dini tədricən əhəmiyyətini
itirərək aradan qalxdı. İslamın hakim mövqeyə yüksəldiyi dövrlərdə belə Şimali
Azərbaycanda zərdüşti icmalar mövcud idi. Məsələn, ərəb coğrafiyaçısı və
səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri (850-934) “Məmləkətlərin
yolları kitabı”nda yazmışdır ki, Bakı yaxınlığında zərdüştilərin yaşadığı kəndlər
mövcuddur. Məşhur coğrafiyaçı və tarixçi Əbül-Fida İsmail Həməvi (1273-
1331) Muğan vilayətində atəşpərəstlərin yaşadığı kəndlərdən bəhs edir.
Qeyd edək ki, Abşeron yarımadasında təbii yanar qazların çıxdığı yerlər
hər zaman zərdüştiləri cəlb etmişdir. Şimali Azərbaycanın bir sıra yerlərində
olmuş alman səyyahı Engelbert Kempfer (1651-1716) bu haqda maraqlı
məlumatlar verir. O, Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda
Suraxanı kəndi yaxınlığında vaxtilə yeddi müqəddəs alovun yandığını qeyd
149
MİLLİ DİNLƏR
etmişdir:
“...qədim fars tayfası nəslindən olan iki gəlmə atəşpərəst hindlilər
tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur,
yerdən çıxan alova baxaraq ona səcdə edirdilər... əvvəllər buradan beş yüz
metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq
görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə
çıxmışdır”.
Suraxanı atəşgahı.
Gördüyümüz kimi, alman səyyahı öz xatirələrində hələ XVII əsrdə
Suraxanı ərazisində od məbədinin mövcud olduğunu bildirir. Əslində, onun
tarixi daha qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrdən məlum olur ki,
Suraxanıdakı od məbədindən hinduizm, siqhizm və Zərdüştilik dinlərinin
mənsubları ortaq şəkildə istifadə edirdilər. O da məlumdur ki, XVII-XVIII
əsrlərdə bu “Atəşgah”da (fars dilində “alov yeri” mənasına gəlir – Red.) gebrlər
, XIX əsrin əvvəllərində isə parsilər ibadət etmişlər.
Zaman keçdikcə Suraxanıdakı “Atəşgah” böyük bir dini kompleksə
çevrildi. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Hazırda bu kompleks
MULTİKULTURALİZMƏ GİRİŞ
150
“Atəşgah məbədi” tarix-memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən
qorunur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci
ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq
Qoruğu elan edilməsi ilə bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir.
Sərəncama əsasən, kompleks ətrafında açıq səma altında muzey yaradılmışdır.
Eyni zamanda, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi”nə 30 sentyabr
1998-ci ildən mədəni irs nümunəsi kimi “gücləndirilmiş mühafizə” statusu
verilmiş və abidə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni
İrsin İlkin siyahısına daxil edilmişdir.
Beləliklə, göstərilən faktlar bir daha təsdiqləyir ki, Zərdüştilik Azərbaycanın
tarixində özünəməxsus rol oynamışdır. Zərdüştilik dini Azərbaycanda tamamilə
əhəmiyyətini itirib ortadan qalxsa da, xalqımızın mədəniyyəti və adət-
ənənələrində öz varlığını qoruyur. Hər il ölkəmizdə təntənəli şəkildə qeyd
olunan Novruz bayramı bunun bariz nümunəsidir. Novruz bayramı ərəfəsində
tonqalların qalanması, şamların yandırılması, həmçinin ölkəmizin bir sıra
bölgələrində ocağa su tökməyin günah sayılması və digər bu kimi adət-ənənələr
göstərir ki, min illər keçməsinə baxmayaraq, zərdüştiliyin əlamətləri bu gün də
xalqımızın həyat tərzində özünü büruzə verməkdədir.
151
MİLLİ DİNLƏR
Dostları ilə paylaş: |