199
MÜASİR DÖVRDƏ DİN
3. Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini
itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb
ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv
olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə
olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına
inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin
yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji
sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya
inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım
diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və
dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ
də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini
qoruyur. Müasir ingilis sosioloqu
Qreys Devi
bu fenomeni
“mənsubiyyətsiz
iman”
(“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan
inanc bəsləmək kimi səciyyələndirmişdir.
Beləliklə, avropalıların ibadətlərə
biganə yanaşması onların dinsiz olması anlamına gəlmir.
Müasir Avstriya sosioloqu
Piter Berger “Sekulyarizmin tənəzzülü”
adlı
məqaləsində dinin fərdi müstəvidə əhəmiyyətini qoruduğunu belə ifadə etmişdir:
“Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi
ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Amma modernləşmənin
dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür.
Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də
gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar
güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və
ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə
çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur...”.
4.”Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi
Bu
nəzəriyyəyə görə, dünyəviləşmə konsepsiyasını təsdiqləyən heç
bir ciddi elmi dəlil yoxdur və bu mülahizə daha çox ideoloji səbəblərlə irəli
MULTİKULTURALİZMƏ GİRİŞ
200
sürülmüşdür.
Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner
kimi bəzi
sosioloqlar dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandırmışlar.
Müasir
amerikalı sosioloq
Rodni Uilyam Stark
isə daha dərinə gedərək
“sekulyarlaşmanı
təsdiqlənməmiş nəzəriyyələr məzarlığına atmağı”
təklif etmişdir.
Dünyəviləşmə nəzəriyyəsinin bir uydurma olduğunu bildirən alimlər
vurğulayırlar ki, müasir dünyada həm gündəlik, həm də ictimai-siyasi həyatda
dinin rolu getdikcə artır. Günümüzdə dini təşkilatlar sosial həyatla bağlı
məsələlərin müzakirəsində aktiv iştirak edir, ictimai rəyin formalaşdırılması
istiqamətində fəaliyyət göstərir. X.Kazanova
“Müasir dünyada ictimai dinlər”
adlı kitabında dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin fəal rol
oynadığını sübuta yetirmək üçün aşağıdakı 4 arqumenti gətirir:
1. 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn
İran İslam inqilabı;
2. 1980-1981-ci illərdə geniş vüsət alan Polşa “Həmrəyliyi” hərəkatında
Katolikliyin böyük rol oynaması;
3. 1979-cu ildə Nikaraquada Antastasio Somosanın siyasi rejiminin
devrilməsi ilə nəticələnən Sandinista inqilabında katolikliyin
əhəmiyyətli rol
oynaması;
4. ABŞ-da bir siyasi güc kimi protestant fundamentalizminin nüfuzunun
artması.
Əvvəllər sekulyarlaşma nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan
avstriyalı sosioloq
P.Berger
də sonradan
“Dünyanın desakralizasiyası”
və
“Sekulyarizmin çöküşü”
adlı əsərlərində dünyəviləşmə tezisinin əsaslandığı
dəlillərin dünyanın əksər regionlarında özünü doğrultmadığını, əksinə, din
amilinin getdikçə gücləndiyini etiraf etmişdir. O, qeyd edir ki, dünyəviləşmə
qlobal bir fenomeni kimi görünsə də, hər cəmiyyətdə
fərqli şəkildə təzahür
etmişdir. Berger öz mülahizəsini əsaslandırmaq üçün müsəlman dünyasını
misal göstərir. Onun fikrincə, əksər müsəlman ölkələrində təhsil, səhiyyə, sosial
müdafiə kimi sahələrdə dövlət təminatı aşağı səviyyədədir. Odur ki, həmin
sahələrdə əhalinin tələbatını əsasən İslam təmayüllü dini təşkilatlar ödəməyə
çalışır. Bu isə İslam dinin ictimai-siyasi həyatda nüfuzunun artmasına səbəb olur.
Dünyanın fərqli regionlarında dünyəviləşmə proseslərinin eyni səviyyədə
cərəyan etmədiyinə dair başqa nümunə göstərmək mümkündür. Avropa
dövlətlərindən fərqli olaraq, ABŞ-da dinin nüfuzu istər fərdi, istər isə ictimai-
201
MÜASİR DÖVRDƏ DİN
siyasi müstəvidə xeyli güclüdür.
Ateizmin sərt buxovlarından qurtulan keçmiş sovet respublikalarında
baş verən dinə qayıdış prosesi, bir sıra müsəlman ölkələrində yaşanan islami
oyanış, həmçinin dünyanın müxtəlif regionlarında din və məzhəb zəminində
münaqişələrin artması
onu göstərir ki, bəşəriyyətin elmi-texnoloji tərəqqisi
fonunda din amili əhəmiyyətini itirməyib.
Gördüyümüz kimi, dinin müasir cəmiyyətdə yeri və rolu ilə bağlı irəli
sürülən nəzəriyyələrin hər birinin güclü və zəif tərəfləri var. Onların əsaslandığı
dəlilləri nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək mümkündür ki, elmi-
texnoloji tərəqqiyə və dünyada geniş vüsət almış sekulyarlaşma proseslərinə
baxmayaraq, din bir dünyagörüşü tərzi kimi hər zaman varlığını qoruyacaqdır.
Doğrudur, orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar
dünyəviləşmişdir.
Dövlət idarəçiliyi, təhsil, ailə və başqa ictimai institutlar
dindən ayrılaraq müstəqillik qazanmışdır. Buna baxmayaraq, “Mən nə üçün
varam?”, “Həyatımın mənası nədir?”, “Ölümdən sonra həyat varmı” kimi
suallar bəşər övladını daim narahat edəcəkdir. Din isə həyatın mənası ilə bağlı
əbədi suallara qəti cavab verməyə çalışan inanclar sistemidir. Bu isə o deməkdir
ki, fərdi müstəvidə dini dünyagörüşü tərzi daim əhəmiyyətini saxlayacaqdır.