Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə125/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Talamusun fiziologiyası. Ümumiyyətlə, talamusda 40-a qədər müxtəlif nüvə aşkar edilmişdir. Onları funksional xassələrinə görə iki böyük qrupa ayırırlar. Birinci spesifik nüvələr qrupu öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına göndərir və onların neyronları ilə spesifik əlaqələr əmələ gətirir. Bu liflərə spesifik talamik yollar deyilir. İkinci qrup nüvələr öz liflərini qabığın ən müxtəlif zonalarının neyronları ilə əlaqələndirir, bunlara qeyri-spesifik talamik yollar deyilir.
Elektrofizioloji tədqiqatlar əsasında Q.Casper belə nəticəyə gəlmişdir ki, talamusun qeyri-spesifik sistemi beyin qabığının tez və qısamüddətli fəallaşmasında iştirak edir. Bunun əksinə olaraq, qabığın zəif və uzunmüddətli fəallaşması isə beyin sütununun retikulyar formasiyasının iştirakı ilə həyata keçirilir.
Bəzi tədqiqatçılar (Q.Hed və b.) belə hesab edirlər ki, talamus ağrı hissinin ali mərkəzidir. Bu, bir sıra dəlillərlə isbat edilir. Əgər talamus qıcıqlanarsa, bu zaman kəskin ağrı və xoşagəlməz hisslər əmələ gəlir. Buna görə də talamusun bir sıra zədələnmələri zamanı ağrı hissi yaranır. Talamus pozulduqda, ən zəif qıcıqlanmalar (dəriyə toxunma, iynə batırma, səs və işıq qıcıqları) belə xəstələrdə dəhşətli ağrıya səbəb olur. Bəzən də talamusun pozulması zamanı ağrı hissi itir (analgeziya baş verir). Bütün bunlar göstərir ki, ağrı hissinin əmələ gəlməsində talamusun böyük rolu vardır.
Hipotalamusun fiziologiyası. Hipotalamusun quruluşu da çox mürəkkəbdir. Diametri təxminən 5 mm-ə çatan iki məməciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə əmələ gətirir. Qıf, beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli
239
heyvanların hipotalamusunda 32 cüt nüvə aşkar edilmişdir.
Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır. Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı fəaliyyətinə güclü təsir göstərir. Bəzi hipotalamik nüvələr neyrohormonlar, xüsusilə hipofizin sektor hüceyrələrinə təsir göstərən rilizinq faktorlar adlanan neyropeptidlər hazırlayır. Bu maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun fəaliyyətini tənzim edir.
Hipotalamus nüvələrində orqanizmin ali vegetativ mərkəzləri yerləşmişdir və bunlar onun simpatik və parasimpatik şöbələrinin funksiyalarını tənzimləyir.
Hipotalamusun ayrı-ayrı nüvələrini pozmaqla, onların funksiyaları haqqında daha dəqiq məlumatlar əldə edilir. Belə tədqiqatlarla aşkar edilmişdir ki: 1) hipotalamusun arxa və orta nüvələrinin qıcıqlandırılması daxili üzvlərin fəaliyyətində bir sıra dəyişikliklər əmələ gətirir. Bu zaman qan təzyiqi yüksəlir, ürəyin fəaliyyəti artır, mədə-bağırsaq yolunun perestaltik hərəkətləri güclənir. 2) Hipotalamusun ön və yan nüvələri qıcıqlandıqda bu dəyişikliklər əks xarakter daşıyır. İstiqanlı heyvanlarda bədən temperaturu nisbi sabitdir və bu sabitlik iki mexanizmlə: istilik əmələgəlmə və istilikvermə ilə tənzimlənir. Bu mexanizmlər hipotalamusun fəaliyyəti ilə əlaqədardır. Müəyyən edilmişdir ki, temperaturun nizama salınması təkcə hipotalamusla deyil, digər qabıqaltı törəmələrin fəaliyyəti ilə də əlaqədardır.
Aclıq və susuzluq reaksiyaları da hipotalamik törəmənin fəaliyyəti ilə sıx əlaqədardır.
Hipotalamusun orta və yan nüvələrində ventrolateral nüvəsində «aclıq», ventromedial nüvəsində isə «toxluq» müvafiq mərkəzləri mövcuddur. Bu mərkəzlərin oyanması qidanın axtarılması, onun mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir sıra vegetativ və hərəki reaksiyalar baş verir.
Hipotalamik nüvələr qandakı maddələrin kəmiyyət və keyfiyyət tərkibinin dəyişilməsinə qarşı da çox həssasdır.
Hipotalamus neyronları, həmçinin osmoreseptorlara malikdir.
Hipotalamusu qıcıqlandırmaq, yaxud pozmaqla aparılmış eksperimental və kliniki tədqiqatlar göstərir ki, burada cinsi çoxalmanın dövriliyini nizamlayan xüsusi mərkəz vardır. Uşaqlarda
240
erkən cinsi yetişkənlik halları bu mərkəzlərin fəaliyyəti ilə bağlıdır. Hipotalamusda cinsi davranışı nizama salan mərkəzin olması tədqiqatlarla sübut olunmuşdur. Müşahidələr göstərmişdir ki, arxa hipotalamik şöbədə xüsusi «həzz mərkəzi» vardır. Əgər, heyvana bu mərkəzi elektrik qıcığı ilə özü qıcıqlandırmağı öyrədirsə, o qıcıqlanmanı fasiləsiz və yüksək tezliklə etməyə başlayır. Öz-özünü qıcıqlandırma metodu ilə hipotalamusda bir sıra başqa mərkəzlərin (qorxu, hiddət, aclıq, susuzluq və s.) olduğu aşkar edilmişdir.
Hipotalamusun mühüm funksiyalarından biri də onun yuxu və oyaq vəziyyətlərinin növbələşməsində iştirak etməsidir. Hipotalamusun müxtəlif nahiyələrinin qıcıqlandırılması ümumi somatovegetativ dəyişikliklərlə yanaşı, yuxu və oyaqlığın növbələşməsinin pozulmasına da səbəb olur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin