[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
5.2. Əzələnin morfoloji xüsusiyyətləri.
Skelet əzələsi
Tipik şəkildə olan skelet əzələ hüceyrəsi bir neçə nüvədən ibarət olan uzun nazik miofibrildən təşkil olunub. Bu miofibrillərin arasında sarkoplazma yerləşmişdir.
Son biokimyəvi tədqiqatlardan məlum olmuşdur ki, yığılmanın kimyəvi-mexaniki mexanizmində miozin və aktindən başqa köməkçi zülallar da iştirak edirlər: tropomiozin, troponin, alfa- və beta-aktininləri.
Təkamül mərhələsində növlər arasında olan fərqlər ilə əzələlərin funksional cəhətdən ixtisaslaşması onların yığılma mexanizminin modifikasiyasına (öz şəklini dəyişməsinə) əsaslanır.
Skelet əzələləri özlərinin sürətli yığılma xüsusiyyətlərilə digər
105 əzələlərdən fərqlənirlər. Bu əzələ tək halda olan qıcıqlanmaya yığılma və boşalma prosesi ilə cavab verir. Bu növ qıcıqlanmanın zaman üzrə genişlənməsindən məlum olmuşdur ki, yığılmanın latent dövrü saniyənin 2-3 minlik payını təşkil edir. Məsələn, bəzi həşəratlarda qanad əzələsinin yığılması 0,003 s ərzində, quşların qanad əzələsinin yığılması 0,008 s ərzində, pişiyin pəncə əzələsinin yığılması 0,02 s ərzində, qurbağanın pəncə əzələsinin yığılması isə 0,1 s ərzində baş verir. Onurğasızlarda müxtəlif funksiyaları yerinə yetirən eninəzolaqlı əzələlərin yığılma sürəti də digər əzələlərin yığılma sürətindən fərqlənir.
Qıcıqlanmadan sonra uzun müddət yığılma vəziyyətində qalan saya əzələlərin tonusundan fərqli olaraq, eninəzolaqlı əzələlər yığılmadan sonra tez boşalırlar. Məhz buna görə də onların yığılmış vəziyyətdə qalması üçün onlar dəfələrlə qıcıqlanmaya məruz qalaraq, yaranan yığılma hallarını yekunlaşdırmalıdırlar. Bu növ fəaliyyət üsulunu tetanus adlandırırlar. Eninəzolaqlı əzələlər saya əzələlər ilə müqayisədə daha təcili və dəqiq işi yerinə yetirə bilərlər.
Eninəzolaqlı əzələ hüceyrəsinin qıcıqlanmasına nail olunduqda, o maksimal şəkildə yığılır. «Hamısı və ya heç nə”» adlandırılan və ürək əzələsi üçün nəzərdə tutulmuş bu xüsusiyyəti skelet əzələsinin hər bir hüceyrəsi təzahür etdirir. Lakin bütün hüceyrələrin biri-birilə birləşdiyi ürək əzələsindən fərqli olaraq, skelet əzələsində hüceyrələr bir-birindən təcrid olunmuş və onların yığılma səviyyəsi hüceyrələrin fəaliyyətdə olmasına təsir göstərən qıcıqlanma qüvvəsindən asılı olur.
Skelet əzələsinin struktur funksional vahidi – skelet əzələ lifidir (ə.l.). Bu əzələ lifləri bədənin və onun hissələrinin dərk edilmiş və dərk edilən iradi hərəkətlərini təmin edir.
İnsanın bədənində sayı 600-dən çox olan skelet əzələsi, bədən çəkisinin 40%-ə qədərini təşkil edir.