[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Qoxu üzvləri və qoxu hissi. İnsanda qoxu zonasının səthi 5 sm2, qoxu kirpiklərin ümumi səthi bundan yüzlərlə dəfə çoxdur. Qoxu hissi qoxu üzvləri vasitəsilə xarici mühitdə olan müxtəlif maddələrin müəyyən xassələrinin (iyləri, qoxuları) bilavasitə duyulması və qavranılmasıdır. Quruda yaşayan heyvan orqanizmləri iyli (qoxulu) maddələri onlardan havaya yayılan kimyəvi maddə buxarları (molekulları) şəkilində su hövzələrinin (dəniz, göl, gölməçə, çay və s.) heyvan sakinləri isə suda həll olunmuş kimyəvi maddələrin ion və ya molekulları şəkilində duyurlar.
Qoxu hissi kimyəvi və ya xemoresepsiyanın bir növü olub aşağı həssaslıq həddi (qapısı) ilə xarakterizə olunur, kimyəvi stimula (qıcığa) qarşı fərdi duyğuların əmələ gəlməsi ilə müşayiət edilir, siqnal əhəmiyyəti daşıyır. Müxtəlif növ heyvanlarda (həm onurğasızlarda, həm də onurğalılarda) qoxu orqanlarının inkişaf dərəcəsi və qoxu hissinin davranış reaksiyalarında rolu müxtəlifdir. Bu əlamətə görə onurğalı heyvanlar arasında qoxu hissi yaxşı inkişaf etmiş növlər-makrosmatiklər (məməlilərin əksər növləri), qoxu hissi zəif inkişaf etmiş növlər-mikrosmatiklər (quşlar, su itləri, bəzi balina növləri, meymunlar) və qoxu hissindən tamam məhrum olan növlər - anosmatiklər (dişli balinalar və s.) seçilir.
358 Qoxu hissi heyvanlara və insana qida axtarışı və qidaları seçmə reaksiyaları, şikarı dişləmək, düşmənlərindən xilas olmaq, biooriyentasiya və biokommunikasiya üçün əhəmiyyət kəsb edir. Heyvanlararası kommunikativ əlaqələr və intim hisslər bədən əzalarının ifraz etdikləri feromonlar və kayramonlar adlanan qoxu maddələrinin təsirləri ilə sıx bağlıdır. İnsanlar üçün çox hallarda xarici mühitdə yaranan pis və ya xoş qoxulu maddələr, qidaların qoxuları, az hallarda isə başqa fərdlərin bədən qoxuları əhəmiyyət kəsb edir. Qidaların iylərini duymaqdan məhrum olan insanlar tez-tez qida zəhərlənmələrinə məruz qala bilər.
Bir sıra iyli maddələr üçün qoxu hədləri–qoxu hissi doğuran ən az miqdarları məlumdur. İnsan, məsələn, 1 sm3 havada trinitrobutiltoluolun miqdarı 5⋅10-15 qram (bu təxminən 10 mln. molekul təşkil edir) olduqda onu hiss edə bilər. İpəkqurdu (barama) kəpənəklərinin erkəkləri dişi kəpənəklərin ifraz etdiyi cinsi feromonun (bambikul) 1 sm3 havada çox cüzi miqdarı -100 molekulu hiss edə bilirlər. İtlər bəzi iyli maddələrə olduqca həssasdırlar. Qoxu hədləri o qədər aşağı ola bilər ki, bəzi qoxu reseptorları havadakı iyli maddənin, hətta 1 molekulunun təsirindən oyanırlar. Qoxu reseptorları bu və ya digər iyli maddələrə müxtəlif həssaslıq göstərməkdə uyğunlaşmışdır. İyli maddələrin geniş spektrinə həssas olan reseptorlarla yanaşı yalnız tək-tək iyli maddələrə çox yüksək həssaslıq göstərən qoxu reseptorları da mövcuddur.
Orqanizm üçün bioloji əhəmiyyət kəsb edən kimyəvi molekullar orqanizmdən müəyyən məsafələrdə yerləşən mənbələrdən təsir göstərir. Deməli, qoxu reseptorları distant reseptorlara aid edilə bilər, lakin qoxulu maddə molekulalrı qoxu reseptoru ilə bilavasitə təmas olunduqda qoxu hissi yarandığından qoxu reseptorları eyni zamanda kontakt reseptorlara aid edilə bilər. Qoxulu maddələrin mənbəyi bitki, yırtıcı, şikar, başqa fərdlər, havaya səpələnmiş iyli üzvi və ya qeyri-üzvi maddə də oynayır. Artıq qeyd olunduğu kimi eyni cinsə mənsub olan iki fərd arasında kimyəvi siqnallaşma (kimyəvi kommunikasiya) xüsusi vəzilərin ifraz etdiyi feromonlar – kimyəvi tərkibinə görə
359 terpenoidlər; streoidlər, spirtlər, doymuş və doymamış yağ turşuları, aldehidlər qrupuna aid olan qoxulu üzvi maddələr vasitəsilə həyata keçir.
Feromonlara, onlara attraktakanlar da deyilir, habelə digər qoxulu maddələrə qarşı hisslər (olfaktor hisslər) heyvanların böyük əksəriyyəti üçün zəruridir. Onurğasızlar arasında qoxu hissi daha çox ictimai həşəratlarda (arılar, qarışqalar və s.) əhəmiyyət kəsb edir. Bal arısında ayrı-ayrı qoxulu maddələri hasil edən ekzokrin vəzilər fəaliyyət göstərir. Onlarda qoxu reseptorları bədəninin baş hissəsində nazik bığcıqlarda (antenalar) yerləşmişdir. Bəzi müəlliflərə görə, bal arısının hər iki əsas bığcığında qoxu reseptorlarının ümumi sayı 40 mindən 200 minə qədərdir. Erkək ipəkqurdunun qoxuları qəbul edən iki iri antenası vardır. Hər bir antena çoxlu sayda tükcüklərlə (sensillər) təchiz olunmuşdur. Bir sensila bir və ya bir neçə qoxu reseptora, hər reseptor isə öz növbəsində bir neçə periferik kiprikciyə (dendritə) malikdir.
Bığcıqlara təsir edən cinsi feromonlar (attraktakanlar) çox yüksək hissi təsir gücünə malikdirlər. Hesablanmışdır ki, feromonun bir molekulu kifayətdir ki, bığcıqlardakı qoxu reseptorunda aydın qeyd edilən cavab reaksiyası (reseptor siqnalı) doğursun, feromonun 200 molekulu isə erkək həşəratda cinsi davranış reaksiyası oyada bilər.
Onurğalılarda qoxu hissi yaradan orqan kimi burun boşluğunun arxa hissəsinin epitel qişasında düzülmüş kiprikcikli qoxu reseptorları fəaliyyət göstərir.
İbtidai onurğalılarda (balıqlar, suda-quruda yaşayanlar) burun boşluğu nisbətən sadə quruluşlu kisəcik formasındadır və qoxu reseptorları onun divarlarında düzülmüşdür, iyli maddələri saxlayan su və ya hava axınları bilavasitə reseptor təbəqəninin üzərindən keçir.
Məməlilərdə qoxu hissi orqanları bir qədər başqa daha mürəkəb şəkildə qurulmuşdur. O məməlilər ki, daha incə qoxu hissələrinə malikdirlər, onlarda burun boşluqlarının quruluşu və reseptor hüceyrələri heyrətamiz dəyişikliklərə məruz qalmışdır.
360 Oposumda, dovşanda və ya itdə burun boşluğuna daxil olan hava əvvəlcə burunun selikli qişasının çoxlu sayda qarışıqlarından ibarət olan sahədən, «hava kondisionerindən» keçir, hava burada isinir və rütubətlənir, sonra hava qırtlağa daxil olur, eyni zamanda hava burunun arxa şöbələrinə burulğanlı axınlar kimi hərəkət edir, burun boşluğunun arxa hissələrində mürəkkəb sirkulyasiya proseslərinə məruz qalır və burada qoxu reseptor hüceyrələri ilə təmasda olur. Havanın bu sahələrə axını və qoxu reseptorlarına çatması mexanizmi dəqiq məlum deyil. İnsanda burun yolları nisbətən sadə qurulmuşdur, qoxu reseptorları burun yollarının, ancaq müəyyən sahələrində və burun boşluğunun ən arxa yuxarı hissəsində – xəlbirəbənzər sümüyün (Lamina perforata) altında yerləşmişdir. Qoxu epiteli tənəffüs yolunun yanında yerləşir.
Aşağıdakı sxemdə insanın burun boşluğunda qoxu reseptorlarının lokallaşdığı sahələr göstərilmişdir (şəkil 8.3).