Sxem 6.19. Müəssisənin istehsal və innovasiya strategiyaları arasında qarşılıqlı əlaqələri
Yuxarıdakı sxemdən göründüyü kimi istehsal strategiyasının əsaslandırılması və müvəffəqiyyətlə həyata keçirilməsi istehsal fəaliyyəti prosesində müxtəlif növ innovasiyalardan (texnoloji, marketinq, təkrar istehsal) səmərəli və əlverişli istifadə etməkdən daha çox asılıdır.
Müəssisənin istehsal strategiyasının əsas elementləri aşağıdakı sxemdə əks olunmuşdur.
Müəssisənin istehsal strategiyası. Bu strategiyanın əsas mahiyyəti istifadə edilən avadanlıqlar, işçi qüvvələri və buraxılan məhsullar arasında qarşılıqlı inteqrasiya edilmiş balansın müəyyən edilməsidir. Müəssisənin istehsal strategiyasının formalaşdırılması prosesində aşağıdakı amilləri nəzərə almaq lazımdır:
- istehsal prosesinin texniki səviyyəsini və avadanlıqların modernləşdirilmə imkanları;
- işçilərin kvalifikasiyası və istehsal prosesinin əmək ehtiyatları ilə təmin edilmə səviyyəsini;
- alıcıların məhsullarla bağlı ehtimal olunan təklifləri ilə əlaqədar avadanlıqların sürətlə yenidənqurulması və başqa zəruri fəaliyyət imkanlarını.
İstehsalatın baza strategiyasının alternativ strategiyası kimi aşağıdakılar qəbul edilmişdir:
- təlabatın tam ödənilməsi- müəssisə bazarda tələb olunan səviyyədə məhsul istehsal edir. Bu halda məhsul ehtiyatı az olur, ancaq daimi buraxılan məhsulun həcmi dəyişdiyi üçün ona çəkilən xərclər çox ola bilər;
- tələbatın orta səviyyəsinə müvafiq məhsul istehsalı, bu zaman tələb aşağı düşdüyünə görə müəssisə məhsul ehtiyatları toplayır və bazarın artan təlabatını bu yığım hesabına təmin edir;
- aşağı təlabat səviyyəsinə uyğun məhsul istehsalı (pessimist strategiya) onda çatışmayan məhsulları rəqiblər və yaxud şərik müəssisələr istehsal edirlər.
FƏSİL 7 İNNOVASİYA STRATEGİYASI
Müəssisənin innovasiya strategiyası funksional strategiya olub, müəssisənin istehsal etdiyi məhsulun rəqabətliliyini dəstəkləyən və onun həcminin artırılmasına imkan verən innovasiya siyasətini əks etdirməlidir [108].
Beləliklə, qeyd etmək lazımdır ki, müəssisənin innovasiya strategiyası müəssisədə innovasiya mühitinin və vəziyyətinin əsas istiqamətlərini və mahiyyətini əks etdirməlidir. Müəssisənin innovasiya strategiyasının formalaşmasına təsir edən bir sıra amilləri ayırmaq olar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, müəssisədə innovasiya strategiyasının həyata keçirilməsi çərçivəsində məqsədlərin müəyyən edilməsi və bu məqsədlərə nail olmaq üçün əsas amillər aşağıdakılardır:
- Buraxılan məhsul ilə müəssisənin texnoloji imkanları arasındakı balans xarici ətraf mühitin dəyişməsi şəraitində müəssisənin imkanlarını və eyni zamanda istehlakçıların tələbatının ödənilməsini müəyyən edir;
- Fundamental və tətbiqi elmi işləmələr arasındakı balans, gələcəkdə istifadə edilə biləcək innovasiya təlabatını və yaxud real vacib komponentləri müəyyən edir;
- Bazarda müəssisənin konkret üstünlüklərə malik olma mövqeyi və yüksək rəhbərliyin bazarın müəyyən edimiş seqmentlərində təsərrüfat maraqlarını nəzərə almaqla rəqabətqabiliyyətli məhsul istehsal etməyə imkan verir;
- Yüksək dayanaqlı mənfəət əldə etməyi təmin edən məhsulun hazırlanması və bazara çıxış vaxtı.
Qeyd etmək lazımdır ki, əvvəla bütün amillər məhsul və xidmətlərin bu və ya digər bazarlarda müəssisənin müəyyən konkret üstünlüklər əldə etməsinə yönləndirilmişdir, ikincisi amillər “nəinki ayrıca” aspeklərə təsir edir və eyni zamanda müəyyən hallarda innovasiya strategiyasının formalaşmasını çətinləşdirir.
Müəssisənin innovasiya fəaliyyəti üçün vəsaitin həcmi, müəssisə rəhbərliyi tərəfindən aşağıda gostərilənlərə əsaslanan bir sıra amillərdən və fərdi yanaşmalardan asılı olaraq müəssisənin fəaliyyəti üçün nəzərdə tutulan ümumi vəsaitdən ayrılır.
Müəssisənin innovasiya fəaliyyətinin büdcəsinin hazırlanmasında hər hansı ayrıca investisiya layihəsinin xərclərini dəyərləndirmək və innovasiya fəaliyyətinin səmərəliliyini müəyyən etmək üçün bütövlükdə satış həcmi, bazarda liderlik naliyyətləri, vahid vəsait qoyuluşunun gəlirləri və s. iqtisadi və texnoloji kriteriyalardan istifadə etmək olar. Aşağıda müəssisənin innovasiya strategiyasının əsaslandırılması və hazırlanması ardıcıllığı verilmişdir.
Müəssisədə yaranmış innovasiya situasiyasının təhlili innovasiya strategiyasının formalaşdırılması prosesinin başlanğıc anından başlanmalıdır. Bu təhlil müəssisənin fəaliyyət sferası qarşısında duran əsas məqsəd və vəzifələrin qısa xarakteristikasından başlanmalıdır. Bu zaman, müəssisənin bazarda fəaliyyətinin vəziyyətinin təhlilinə və qiymətləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Hər bir istehsal olunan məhsulun və yaxud məhsul qrupunun innovasiya potensialı haqqında, müasir mərhələdə istifadə edilən innovasiya strategiyası və taktikası haqqında ətraflı məlumatlar verməli, daxili və xarici mühitin spesifik amillərini ayırmaq, bu zaman rəqiblərin fəaliyyətini və mövqeyini təhlil edərək qiymətləndirmək lazımdır.
Müəssisənin innovasiya imkanlarının və çatışmamazlıqlarının müəyyən edilməsi müəssisədə yaranmış innovasiya imkanlarını və gözlənilən çətinlikləri dəyərləndirmək məqsədi ilə aparılır. Bu mərhələ müəssisədə innovasiya planlarının həyata keçirilməsində iqtisadi situasiyanın dəyişməsini qabaqcadan müəyyən etməyə kömək etməlidir.