4. Müəssisənin strateji inkişaf planının məqsədinin əsaslandırılması və formalaşdırılması prosesinə müəssisənin missiyası ilə yanaşı yüksək rəhbərliyin dəyərlərinin yəni, onların verdikləri təklif və tövsiyyələr təsir göstərir. Bu zaman top - menecerin xarici və daxili məqsədlər sistemini ayırmaq məqsədəmüvafiqdir.
5. Müəssisənin stateji inkişaf planının məqsədlərini müəyyən edərkən iki vacib anı hesaba almaq lazımdır.
Birincisi, istənilən məqsəd müəyyən vaxt ərzində müəssisənin inkişaf istiqamətlərini xarakterizə edir və bu onun keyfiyyət xarakteristikasını müəyyənləşdirir.
İkincisi, məqsəd müəyyən zaman çərçivəsində müəssisənin arzu edilən səviyyəsini müəyyən edir. Bunlar isə məqsədlərin kəmiyyət xarakteristikasını göstərir. Başqa sözlə, məqsədlərin müəyyən edilməsi ikili xarakterə malikdir. Müəssisənin strateji inkişaf planının məqsədinin formalaşdırılması prosesinə, onun təşkil edilmə səviyyəsi, dəqiqliyi, məqsədyönlülüyü nəzərə çarpacaq dərəcədə təsir göstərir, bunlara müəssisənin inkişafının stateji amilləri kimi baxılmalıdır.
6. Müəssisənin strateji inkişaf planının məqsədinin formalaşdırılması məntiqi proses kimi baxılmalıdır və bu prosesi müəyyən dərəcədə sistemləşdirmək mümkündür. Bununla yanaşı, məntiqi yanaşma prosesi müəssisənin məqsədlərini və onun həyata keçirilməsi prosesini tam təmin edən konkret proqramlar arasında balans yaratmağa imkan verməlidir.
FƏSİL 5. BİZNES -STERATEGİYASININ FORMALAŞDIRILMASI Bu fəsildə əsas məqsəd biznes -strategiyasının formalaşdırılması çərçivəsində seçilmiş strategiyanın əsas modellərinin prinsipial xüsusiyyətlərinin mahiyyəti və bu modellərin tətbiq sferasının açıqlanmasıdır. Strategiya piramidası çərçivəsində kooperativ strategiyaya tabe edilən biznes strategiyası şirkətin fəaliyyətinin hər bir istiqamətində çalışdığı hər bir strateji zonalar, yəni təsərrüfat sahələri üçün tərtib edilir. Optimal fəaliyyət göstərməyi nail olmaq üçün müəssisə yaxşı strategiya seçməlidir, bu strategiya isə öz növbəsində müəssisənin güclü mövqeyi və imkanlardan istifadə etmək əsasında qurulmalıdır. Strategiyanın seçilməsində strateji seçimin müxtəlif modellərindən istifadə edilir. Aydındır ki, müəssisə və bazar müxtəlif şəraitdə işlədikləri üçün hər bir konkret şərait üçün seçilmiş strateji model fərqlənə bilər.
Qeyd olunanları nəzərə alaraq bu fəsildə müəssisənin fəaliyyətinin müxtəlif dövrlərinə müvafiq inkişaf strategiyası modelinin seçilməsi formaları və onun əsaslandırılması mexanizmi nəzərdən keçirilir.