7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatlarından asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cəmiyyətin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iqtisadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psixoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.
Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını davam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.
Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesifik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət baxımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmədov, N.M. Kazımov, Ə.X.Paşayev, F.A.Rüstəmov, Y.K.Babanski tərəfindən formulə olunaraq, təqdim edilən qanunauyğunluqların müqayisəsi nəticəsində müəyyənləşdirmək çətin deyildir. Fikrimizi əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpedaqoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq:
– təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri müəllimin, tərbiyəçinin bilməsi və fəaliyyət zamanı nəzərə alması şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır;
təlim və tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, pedaqoji səmərə bir o qədər yüksək olur;
müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaşdıran məktəbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır;
tədris müəssisələri cəmiyyətin kadrlara olan ehtiyacını nə qədər dolğun nəzərə alırsa, pedaqoji prosesin səmərəsi bir o qədər artır, əmək məhsuldarlığını yüksəltməyin imkanları bir o qədər genişlənir;
hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsədinə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda səmərə artır;
pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin şagirdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji səmərə verir.
Dostları ilə paylaş: |