Neotomizm pedaqogikası. Neotomizm də fəlsəfi cərəyandır. Neotomizm yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo – yeni deməkdir. Tomizm orta əsr sxolastı Foma Akvinskinin dini nəzəriyyəsidir. Neotomistlər Foma Akvinskinin ilahiyyat nəzəriyyəsini inkişaf etdirməyə çalışmışlar. Jak Mariten (Fransa), U.Kanninham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neotomizmin aparıcı ideoloqları olmuşlar.
Neotomistlər insanın və onun ictimai həyat tərzi formalarının ilahi qüvvə tərəfindən yarandığını iddia edirlər: insan onu yaradanı daim yadda saxlamalı, ondan həya etməli, ona itaət göstərməlidir. Neotomistlərin fikrincə, dini görüş real bilikdən üstündür. Onlar dövlət məktəblərində də dinin tədris olunmasını, bütün fənlərin tədrisinə dinin sirayət etməsini istəyirlər. Onların fikrincə, xarici aləmi dərk etmək üçün elm kifayət deyil, bundan ötrü ilahiyyat, ilahi qüvvəyə qovuşmağı bacarmaq lazımdır: sonuncunu isə uşağa kilsə, ruhanilər verir; elm şüura, din isə şüuraltı hissiyyata istinad edir. Neotomistlərə görə, İsus Xristosa oxşamaq tərbiyənin məqsədi olmalıdır. Bundan ötrü hər kəs dini cəhətdən təkmilləşməli, dini adətlərə əməl etməlidir. Neotomistlər məktəbin tədris planına humanitar fənlərlə yanaşı təbiət fənlərinin daxil edilməsini də məsləhət görürlər.
Bixeviorizmingilis sözü olub “davranış” deməkdir. XX əsrin əvvəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın müəlliflərindən biri olan Edvard Torndayka görə, psixologiya şüuru deyil, davranışı özü üçün tədqiqat predmeti seçilməlidir. E.Torndayka görə, həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir. E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədəuyğun cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv şagirdi cavab reaksiyası üçün hazırlayır, onu problem ətrafında fikirləşməyə, tədqiqat aparmağa sövq edir.