Təhsilin ənənəvi modeli. Bu model qabaqcadan sistemləşdirilmiş akademik təhsil modeli olmaqla, gənc nəslə mədəniyyətin klassik elementlərinin verilməsini, yenidən hasil və ya təkrar istehsal edilməsini əsas götürərək, təhsil prosesini qurmağın xüsusi üsulu hesab edilir. Bu modelin tərəfdarları təhsilin əsas rolunu gənc nəslə sivilizasiyanın mədəni ənənələrinin saxlanılması və ötürülməsində görürlər. Burada hər şeydən əvvəl həm insanın şəxsi inkişafı, həm də sosial nizamın saxlanılması üçün bilik, bacarıq və vərdişlərin, yüksək ideyalar və dəyərlərin müxtəlifliyi, çeşidliliyi nəzərdə tutulur. Ənənəvi təhsil modelinin konsepsiyasına uyğun təhsil sistemi, mədəni təhsil ənənələri əsasında baza bilik, bacarıq və vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir ki, qazanılmış bacarıqlar əsasında insan sərbəst olaraq yeni ranqda olan bilik və bacarıqlara yiyələnə bilsin.