8.8.4. Orta ixtisas təhsili Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-diplom verilir. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların-subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.
8.8.5. Ali təhsil Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir.
bakalavriat ;
magistratura ;
doktorantura.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır.
Bakalavriat.“Bakalavr”, latın dilində “dəfnə yarpağı” deməkdir. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bü-tün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.