Əhatə olunan məsələlər: 10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum).
10.2.Ümumi orta təhsilin məzmunu.
10.2.1. Təhsilin məzmunu.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində islahatlar.
10.3. Tədris planı.
10.4. Tədris fənni.
10.5. Tədris proqramları.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti.
10.1. Təhsil sahəsində dövlət standartları,
təhsil proqramı (kurikulum) Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olan müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir.