10.3. Tədris planı
Tədris prosesinin məzmunu tədris planı, fənlər üzrə tədris proqramları ilə müəyyən olunur və dərs kitablarında, informasiyanı toplayıb saxlayan elektron avadanlıqlarda əks olunur. Tədris sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin özünəməxsus tədris planı olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşısında qoyulan vəzifələr başqa-başqa olduğundan onların tədris planları da müxtəlifdir.
Tədris müəssisələrinin tiplərindən və formalarından asılı olaraq tədris planları nə qədər müxtəlif olsa da, onların ümumi cəhətləri də vardır. O,
1) tədris ilinin, rüblərin və tətillərin müddətini;
2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını;
3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan saatların miqdarını;
5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.
Tədris planında cəmiyyətin qəbul etdiyi təhsil-tərbiyə idealı, müəyyənləşdirmiş məqsədlər, təhsilin məzmununun formalaşdırılması konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını, sanitar-gigiyenik və təşkilati tələbləri, yaranmış ənənələri nəzərə almaqla işlənib hazırlanır.
Tədris planına daxil edilən fənlər məcburi və fakültativ (seçmə) fənlərə ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tədris planları, mərkəzi təhsil orqanları tərəfindən işlənib hazırlanır və təsdiq olunur. Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə ardıcıllığını, hər fənnə verilən saatların miqdarını, təhsilin müddətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir.
Dostları ilə paylaş: |