İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsaslarını öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır.
Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.
Humanistlik pedaqogikası1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Humanistlik pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Humanistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogikainsanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil alması problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya informatika-kibernetika pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırılmasına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əxlaqi-mənəvi normalarının saflaşdırılmasına yönələn pedaqogika centlmen pedaqogikası adlanır.
Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edərək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.