İkinci baş amil “təşkilat- pedaqoji təsir” amilidir. O, çox sayda səmərəverən səbəbləri özündə birləşdirir. Bu səbəblər müəllimin fəaliyyətini, tədris prosesinin təşkilinin keyfiyyət səviyyəsini, tədris və pedaqoji əməyin şəraitini xarakterizə edir. Bu amilin tərkibində iki kompleks amil vardır: 1) dərsdə təşkilati-pedaqoji təsir; 2) sinifdənxaric və məktəbdənkənar məşğələlərdə təşkilati –pedaqoji təsir.
Üçüncü baş amil “şagirdlərin oxumağa qabilliyi”dir. Bu, şagirdlərin oxumağa qabilliyi (yararlılığı) və müəyyən olunmuş müddətdə layihələşdirilmiş nəticələrə nail olmaq imkanlarıdır. Oxuma qabilliyinə fərdi və qrup (kollektiv) halında baxmaq məqsədəuyğundur. Burada iki kompleks amil vardır: 1) dərsdə oxumağa qabillik; 2) sinifdənxaric və məktəbdənkənar fəaliyyətdə oxumağa qabillik. Dərsdə oxumağa qabilliyi aşağıdakı səbəblər xarakterizə edir: oxuyanların ümumi hazırlıq səviyyəsi (erudisiyası); müəyyən tədris materialına yiyələnmə; bilik, bacarıq və vərdişləri mənimsəmə qabiliyyəti; öyrənmə-idrak fəaliyyəti üçün ümumi qabiliyyətlər; diqqətin ümumi xarakteristikası (sinir sisteminin, temperamentin və yaşın xüsusiyyətləri); konkret tədris fənnini öyrənən zaman şagirdlərin təfəkkür xüsusiyyətləri; təfəkkürün ümumi xarakteristikası; tədris materialını şüurlu və möhkəm mənimsəmək üçün psixoloji durum (xarici və daxili); təlimin motivasiyası (məqsədləri başa düşmək və dərk etmək, təlimə və öyrənilən fənnə maraq, stimulların təsirliyi, şagirdin öz vəzifələrini yerinə yetirməsinə münasibəti və s.); bilik və bacarıqların mənimsənilmə tempi; şagirdlərin səhhəti (yorulması, xəstələnməsi və s.): şagirdlərin yaşı; şagirdlərin dəyərləndirmə (qiymətləndirmə) oriyentasiyası; həyat planları; intizamlılığı; məsuliyyətliliyi; gələcək peşəyə meyli; həyat tərzi və s. Müstəqil öyrənmə prosesində oxumağa qabillik aşağıdakı səbəblərlə xarakterizə olunur: özünənəzarət (nəzarətin həcmi, tezliyi, keyfiyyəti, sistemi); iradə və qətiyyətlilik; məqsədyönlülük; oxumaq bacarığı; işin rejimi və təşkili; iş qabiliyyəti; qiymətləndirmə oriyentasiyası; stimullaşdırma; motivasiya; səhhətin vəziyyəti; qavramanın xüsusiyyətləri; qabiliyyətlər; yadda saxlamanın və mənimsəmənin sürəti; təfəkkürün səviyyəsi və xüsusiyyəti; yaş və fərdi xarakteristika və s.