Şərh. Müəllimin sözü əsasında tədris materialının şagirdlər tərəfindən qavranılması və anlaşılması şərhdir. Şərh, adətən, üç mərhələdən ibarət olur: yeni mövzunun qavranılmasına uşaqların hazırlanması, mövzunun bilavasitə qavranılması və qavranılan bilik və məlumatların qismən ümumiləşdirilməsi. Şərh üsulunun səmərəliliyini təmin edən bir sıra tələblər vardır: 1) danışılan məzmunun etibarlılığı-faktların dəqiqliyi; 2) fikirlərin inandırıcı olması; 3) şərhin obrazlılığı və emosionallığı; 4) nitqin aydınlığı və düzgünlüyü.