8.7. Təhsil müəssisəsi Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisələri fəaliyyət göstərir.
Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən olunmuşdur:
məktəbəqədər təhsil müəssisələri (körpələr evi, uşaq bağçası, xüsusi uşaq bağçası);
məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.)
ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
orta ixtisas təhsili müəssisələri (kolleclər);
ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.)
əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.)
təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.
Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. İbtidai və ümumi orta təhsil müəssisələrinin azkomplektli formada fəaliyyətinin təşkili mümkündür.