10.6. Dərslik, iş dəftəri və müəllim üçün
metodik vəsait komplekti
Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında dərsliklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də təhsil islahatları çərçivəsində həmişə dərsliklərin yaradılmasına xüsusi müstəvidə yanaşılmış, hökumət səviyyəsində dərslik siyasəti hazırlanaraq tətbiq olunmuşdur. Dərslik siyasətinin məqsədi məktəbliləri standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir .
Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir. Konqnitiv (idraki) təhsilin əsas resurslarından hesab edilən dərsliklər ən zəruri informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətləndirici, yönəldici, düşündürücü funksiyaları daşıyır. Dərsliklərdə artıq informasiya yükünün olması nöqsanlı hal kimi qəbul edilir və bu, onun keyfiyyətinə xələl gətirir.
Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurikulumlarına uyğunluq dərsliklərin əsas keyfiyyətlərindən biridir. Əslində, bu, dərsliklərin təhsil standartlarında ifadə edilmiş bilik və fəaliyyətlərin reallaşdırılmasına xidmət etməsinin ifadəsidir. Başqa sözlə, standartlardan kənara çıxma hallarına yol verilməməsi vacib tələb kimi qarşıya qoyulur.
Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Belə olan halda dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənəyə söykənən funksiyası arxa plana keçir.
Hazırda şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda bacarıqları formalaşdıra bilmək imkanının olması mühüm cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.
İnteqrativ bacarıqların inkişafına imkan yaratmaq, onu şəxsiyyətin ümumi keyfiyyətinə çevirmək dərsliklərin xarakterik cəhətlərindən biri hesab edilməlidir. Bundan əlavə, şagirdlərin dünyagörüşünün formalaşdırılması da diqqət mərkəzində saxlanılmalı, ətraf aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim materiallarından istifadə olunmasına üstünlük verilməlidir.
Təhsil Sektorunun inkişafı layihəsi üzrə milli koodinator İ.İsgəndərov haqlı olaraq vurğulayır ki, dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir. Bunların sırasında aşağıdakılar vardır.
1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktorlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir. Şagirdlər dərsliyə etibarlı tədris vəsaiti kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələblərin nəzərə alınması vacib bilinir:
- təlim standartlarına uyğunluq;
- faktorların dəqiqliyi;
- orfoqrafiya, durğu işarələri, qrammatik qaydaların gözlənilməsi;
- mübahisəli faktorların olmaması.
2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur. Aşağıdakıların dərsliklərdə əks olunması təmin edildikdə bu prinsip tam reallaşdırılır:
- şəkillər, fotolar;
- illüstrasiyalar;
- sxemlər;
- cədvəllər;
- xəritələr;
- qrafiklər.
Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələrin eyni bir dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən onların özünəməxsus cəhətləri, aid olduğu fənnin xüsusiyyətləri əsas götürülür, zəruri hesab edilən müvafiq əyani vasitələr seçilir.
Dostları ilə paylaş: |