Giriş-motivləşmə mərhələsində aşağıdakı təlim işlərini ayırmaq olar: 1) təlim-problem situasiyasının dərki; 2) əsas tədris vəzifələrinin müəyyənləşdirilməsi; 3) təlim materialının öyrənilməsi üzrə fəaliyyət imkanlarının qiymətləndirilməsi.
Əməliyyat-idrak mərhələsində şagirdlər təlim materialının məzmununu öyrənir, bilik (bəyan edilən, əməliyyat, şərti), bacarıq və vərdişlər əldə edirlər. Bu zaman başlıca tədris məsələsi ayrı-ayrı vəzifələrin ardıcıllığını müəyyənləşdirmək və onları həll etməkdən ibarətdir.
Nəzarət-qiymətləndirmə mərhələsində şagirdlər mövzu üzrə öyrəndiklərini ümumiləşdirir, onları özünün ümumi bilik və bacarıqlar sisteminə daxil edir, həyata keçirdiyi təlim işini təhlil edir, əsas idrak məsələsini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirir, nəyi necə mənimsəmişdir, məqsədinə necə nail olmuşdur və s. məsələləri götür-qoy edir, zəruri təshih işini həyata keçirir.