Bütpərəstliyin zorla qəbul etdirilməsi 1 Bir müddət keçdikdən sonra padşah
Afinalı bir qocanı göndərdi ki, o,
Yəhudiləri əcdadlarının qanunlarından əl
çəkməyə və Allahın qanunlarına görə
yaşamamağa məcbur etsin. 2 O həm də
Yerusəlimdəki məbədi murdarlamalı və
onu Olimp Zevsi məbədinə, Qarizim
dağındakı məbədi isə bu yerin əhalisinin
istəyi ilə Yadellilər Hamisi Zevs məbədinə
çevirməli idi.
3 Belə bir şər işin zorla qəbul etdirilməsi
ağır və çox dözülməz bir şey idi.
4 Bütpərəstlər məbədi əyləncə və işrətlə
doldurmuşdular, onlar fahişələrlə əylənir,
müqəddəs yerin hüdudlarında qadınlarla
yaxınlıq edirdilər və qadağan edilmiş
şeyləri içəri gətirirdilər. 5 Qurbangah
qanuna görə qadağan olunmuş məqbul
olmayan şeylərlə dolu idi. 6 Heç kim
Şənbə gününü, ya da əcdadlardan qalan
bayramları qeyd edə bilmir, hətta Yəhudi
olduğunu belə, açıqca söyləyə bilmirdi.
7 Padşahın ad gününün hər ay qeyd
olunması zamanı Yəhudilər bütpərəst
qurbanlarından yeməyin acı məcburiyyəti
ilə üzləşirdilər. Dionis bayramında isə
sarmaşıqdan çələnglər taxıb Dionisin
şərəfinə yürüşdə iştirak etməyə məcbur
edilirdilər. 8 Ptolemais əhalisinin təklifinə
görə, qonşuluqda olan Yunan şəhərləri
üçün bir fərman verildi ki, orada yaşayan
Yəhudilərlə də eyni cür rəftar olunsun və
onlar da qurbanlardan yeməkdə iştirak
etməyə məcbur olunsunlar. 9 Yunan
ənənələrinə keçməyə razı olmayanlar isə
öldürülməli idilər. Onların necə bir
fəlakətlə rastlaşdıqları aşkar görünürdü.
10 Məsələn, iki qadın oğullarını sünnət
etməkdə ittiham olundu. Onlar körpələri
döşlərinə asılı vəziyyətdə şəhərdə
gəzdirilərək hamıya nümayiş olundu,
axırda da şəhər divarlarından aşağı
atıldılar. 11 Yeddinci günü gizlincə qeyd
etmək üçün mağaralara üz tutan digərləri
barədə isə Filipə xəbər çatdırıldı və onların
hamısı birlikdə yandırıldı. Çünki onlar
müqəddəs günə ehtiram göstərdiklərinə
97
görə özlərini müdafiə etməyi düzgün hesab
etmədilər.