Yaffa və Yamniyada baş verən hadisələr 1 Bu razılaşmalar əldə olunduqdan sonra
Lisiya padşahın yanına getdi, Yəhudilər isə
əkinçilik işlərinə qayıtdılar. 2 Yerli hərbi
başçılardan Timotey, Genne oğlu Apolloni,
Yeronim, Demofon və Kipr valisi Nikanor
Yəhudilərin sakit və rahat yaşamalarına
imkan vermədilər.
3 Yaffalılar belə bir alçaq iş gördülər:
aralarında yaşayan Yəhudiləri arvadları və
uşaqları ilə birlikdə hazırladıqları qayıqlara
oturmağa dəvət etdilər; özlərini də guya
onlara qarşı düşmənçilik niyyətləri yoxmuş
kimi göstərdilər. 4 Bu, şəhərin ümumi
qərarına görə təşkil olundu. Aralarındakı
sülhü saxlamaq istədiklərindən və şübhə
etməyə heç bir səbəb olmadığından
Yəhudilər buna razılıq verdilər. Yaffalılar
dənizə çıxınca onların hamısını – iki yüzə
qədər adamı dənizdə batırdılar.
5 Yəhuda soydaşlarının başına gətirilmiş
bu qəddarlığı eşidəndə bu barədə öz
adamlarına göstəriş verdi 6 və adil hakim
olan Allahı çağıraraq qardaşlarını öldürən
canilərə hücum etdi. Gecə ikən limanı
yandırdı, qayıqlara od vurdu və oraya
qaçıb sığınanları qılıncdan keçirdi.
7 Darvazalar bağlı olduğu üçün Yəhuda
çıxıb getdi; amma yenə qayıdaraq Yaffanın
bütün əhalisinin kökünü kəsmək
niyyətində idi. 8 Yəhuda Yamniyalıların da
aralarında yaşayan Yəhudilərə qarşı eyni
şəkildə davranmaq istədiklərini öyrəndikdə
9 gecə Yamniyalıların da üstünə hücum
etdi, limanı və orada olan donanmanı
yandırdı, belə ki alov iki yüz qırx stadi
məsafədə olan Yerusəlimdən görünürdü.