Modin yaxınlığında döyüş 9 Bu arada ağlında vəhşi niyyətlər olan
padşah Antiox irəliləyirdi. Atasının bir vaxt
etdiklərindən daha betərini Yəhudilərə
göstərmək istəyirdi. 10 Bu barədə
Yəhudaya xəbər çatanda adamlara əmr etdi
ki, gecə-gündüz Rəbbi çağırsınlar. O da
əvvəlki vaxtlarda olduğu kimi, indi də
qanundan, vətəndən və müqəddəs
məbəddən məhrum olmaq təhlükəsi ilə
üzləşən xalqa kömək etsin 11 və yenicə
dirçəlməyə başlayan xalqın küfr edən
bütpərəstlərin əlinə düşməsinə izin
verməsin. 12 Hamısı yekdilliklə bunda
iştirak edib üç gün ərzində ağlaşma, oruc
və səcdə ilə durmadan mərhəmətli Rəbbə
yalvardılar. Yəhuda onları ruhlandırdı və
hazır olmalarını əmr etdi. 13 Ağsaqqallarla
gizli məsləhətləşmələrdən sonra Yəhuda
qərara aldı ki, padşah ordusunun
Yəhudeyaya daxil olub şəhəri ələ
keçirməsini gözləməsin, əksinə, çıxıb
Allahın köməyi ilə məsələni həll etsin.
14 Nəticəni dünyanı Yaradanın öhdəsinə
buraxaraq, adamlarını qanunlar, məbəd,
şəhər, vətən və vətəndaşlıq hüquqları
uğrunda ölənə qədər cəsarətlə mübarizə
aparmağa çağıraraq Modin yaxınlığında
düşərgə saldı. 15 Yəhuda öz adamlarına
«Qələbə Allahdandır!» sözü ilə isarə
verərək seçilmiş qüvvətli gənclərlə birlikdə
gecə ikən padşahın köşkünə hücum etdi.
Düşərgədə iki minə qədər adamı məhv
etdilər, öndə olan filə və üstündəki adama
zərbə vurdular. 16 Axırda düşərgəyə dəhşət
və qarışıqlıq salaraq ruh yüksəkliyi ilə geri
çəkildilər. 17 Bu baş verəndə artıq dan yeri
ağarırdı. Beləcə, Rəbbin himayəsi
Yəhudaya kömək oldu.