Nikanorun məğlubiyyəti və ölümü 25 Nikanor və onun əsgərləri şeypurların
səsi və döyüş himnləri ilə irəlilədilər.
26 Yəhuda və onun adamları isə Allahı
çağırma və dua ilə döyüşə girdilər.
27 Əlləri ilə döyüşdükləri halda
ürəklərində Allaha dua edərək otuz beş
minə qədər adam qırdılar və bu işdə
Allahın təzahürü onlara böyük sevinc
verdi. 28 Hadisə bitəndə və onlar sevinclə
geri dönəndə döyüş libasi və silahları
üstündə olduğu halda yıxılıb ölmüş
Nikanoru görüb tanıdılar.
29 Onda onlar səs-küy və nida ilə öz ana
dillərində Hökmdara alqış etdilər. 30 Bütün
cismi və canı ilə vətəndaşlarının əsas
müdafiəçisi olan, öz gəncliyini iltifatla
soydaşlarının qorunmasına sərf edən
Yəhuda Nikanorun başını və əlini çiyni ilə
birlikdə kəsməyi və Yerusəlimə aparmağı
əmr etdi. 31 Oraya gələndə bütün
soydaşlarını bir yerə çağırdı və kahinləri
qurbangahın önünə qoydu, içqaladakı
adamların da dalınca xəbər göndərdi.
32 Murdar Nikanorun başını və bu küfr
edən adamın öyünərək Külli-İxtiyarın
müqəddəs evinə qarşı uzatdığı əlini onlara
göstərdi. 33 Ardından dinsiz Nikanorun
dilini kəsərək parça-parça edib quşlara
yem verməyi və axmaqlığının mükafatı
olaraq müqəddəs məskənin qarşısında
asmağı buyurdu. 34 Onda hamı göyə
baxaraq Özünü zahir edən Rəbbə alqış edib
dedi: «Öz məkanını murdarlanmamış
Saxlayana alqış olsun!»
35 Yəhuda Nikanorun başını içqalanın
divarına asdı. Bu, hər kəs üçün Rəbbin
köməyinin aydın və əyan olan əlaməti idi.
36 Hamı ümumi bir təkliflə qərara aldı ki,
həmin gün qeyd olunan gün kimi heç vaxt
yaddan çıxmasın və bu, Arami dilində
Adar adlanan on ikinci ayın on üçüncü
günü, yəni Mordokay gününün ərəfəsi
qeyd olunsun.