Müxtəlif nəsihətlər 1 Şər əməl etmə, sənin də üzərinə şər
gəlməz,
2 Haqsızlıqdan uzaq dur, o da səndən uzaq
olar.
3 Oğlum, haqsızlığın cığırlarında toxum
səpmə ki,
Əvəzində onun yeddi qat məhsulunu
yığmayasan.
4 Rəbdən ən yüksək mövqeyə qalxmağını,
Padşahdan ən hörmətli yerdə oturmağını
istəmə.
5 Rəbbin önündə öz salehliyini bildirmə,
Padşahın önündə müdrikliyini göstərmə.
6 Hakimlik etmək iddiasında olma,
Haqsızlığın kökünü kəsməyə qadir olmaya
bilərsən.
Bir qüdrətli adam sənə hədə-qorxu gələ
bilər,
Düzgünlüyünə xələl gələ bilər.
7 Şəhər əhalisinə qarşı haqsızlığa yol
vermə,
Xalq içində özünü nüfuzdan salma.
8 Günah üstünə günah etmə,
Hətta bir günaha görə cəzasız
qalmayacaqsan.
9 Demə ki: «Mən Uca Allaha çoxlu
hədiyyə gətirdiyim zaman
O, bunlara nəzər salacaq və qəbul edəcək».
10 Dua edərkən inamsız olma,
Sədəqə verməyə xor baxma.
11 Ürəyində dərd olan adama gülmə,
Çünki Alçaldan və Ucaldan var.
12 Qardaşının ayağının altını qazma,
Öz yoldaşınla da belə rəftar etmə.
13 Heç bir yalan danışmamağa çalış,
Çünki bunun nəticəsi xeyir gətirməz.
14 Ağsaqqalların məclisində uzun
danışma,
Dua edərkən sözləri təkrarlama.
15 Çətin işdən və Uca Olanın qoyduğu
Əkinçilik sənətindən ikrah etmə.
16 Günahkarların sırasına qoşulma,
Yadda saxla ki, cəza gecikməyəcək.
17 Özünü olduqca həlim et,
Çünki haqsız adamın cəzası od və torpaq
qurdudur.