Bütlərin faydasızlığı
8 Bu allahların dilləri usta tərəfindən
yonulub, özləri isə qızıl və gümüşlə
örtülüb; onlar saxtadır və danışa bilmirlər.
9 Bu adamlar bəzənməyi sevən qız kimi
qızılı götürüb öz allahlarının başına
çələnglər düzəldirlər. 10 Bəzən də elə olur
ki, kahinlər qızıl və gümüşü öz
allahlarından oğurlayır və özlərinə sərf
edirlər, həmçinin bundan onlarla bir yerdə
qalan məbəd fahişələrinə də verirlər.
11 Qızıldan, gümüşdən və ağacdan olan
allahları adamlar kimi geyimlərlə
bəzəyirlər, amma bu geyimlər onları
pasdan və güvədən xilas etmir. 12 Onların
əynindəki tünd-qırmızı paltarların üzü
ibadətgahlarını basmış tozdan xarab olur.
13 Ölkənin hakimi olan adam kimi bu
allahın əlində əsa var, lakin özünə qarşı
günah edəni öldürə bilmir. 14 Sağ əlində
qılıncı və baltası var, amma öz-özünü
qoşundan və quldurlardan müdafiə edə
bilmir. 15 Bundan bilinir ki, onlar heç də
allahlar deyil. Beləliklə, onlardan
qorxmayın.
16 Sınmış qab insan üçün necə faydasız
olursa, onların ibadətgahlarında olan
allahları da elədir. 17 İçəri girənlərin
ayaqlarının tozundan onların gözləri tozla
dolur. 18 Padşahı təhqir edən şəxs ölümə
məhkum olanda mənzilinin girişi necə
bağlanırsa, onların ibadətgahlarını da
kahinlər qapılarla, qıfıllarla və sürgülərlə
qoruyurlar ki, quldurlar tərəfindən qarət
olunmasın. 19 Onlar özlərindən daha çox
bu allahlar üçün çıraq yandırırlar, amma bu
allahlar heç kəsi görə bilmir. 20 Bu allahlar
evin şalbanı kimidir; deyirlər ki, onların
202
ürəklərini yer qurdları dəlir, özlərini və
paltarlarını yeyir, onlarsa hiss etmir.
21 İbadətgahdakı tüstüdən onların üzləri
qaralıb. 22 Onların bədənlərinin və
başlarının üstünə yarasalar, qaranquşlar və
digər quşlar uçub gəlir, eləcə də, pişiklər
onların üstünə çıxır. 23 Bundan
biləcəksiniz ki, onlar allahlar deyil.
Beləliklə, onlardan qorxmayın.
24 Əgər kimsə onları gözəllik üçün
örtüldükləri qızılın pasından təmizləməsə,
onda onlar parıldamayacaq; axı onlar
qəlibə tökülüb düzəldiləndə heç nə hiss
etməyiblər. 25 Onlar baha qiymətə alınıb,
amma onlarda ruh yoxdur. 26 Ayaqları
olmadığı üçün onları çiyinlərdə daşıyırlar.
Beləcə, acizliklərini insanlara göstərirlər.
Yerə yıxıldıqları zaman onlara xidmət
edənlər də biabır olurlar; 27 çünki özləri
qalxa bilmirlər, kimsə onları yerdən
qaldırsa belə, özləri hərəkət edə bilmirlər.
Ölülər kimi onların qabağına hədiyyələr
qoyurlar. 28 Onların qurbanlarını isə
kahinlər satır və israf edirlər, qadınları da
bunların bir hissəsini duzlayır, amma nə
kasıba, nə də zəifə pay ayırmırlar. Onların
qurbanlarına hər gün zahı qadınlar
toxunurlar. 29 Beləliklə, onların allahlar
olmadığını bundan bilərək onlardan
qorxmayın.
30 Onları necə allahlar adlandırmaq olar?
Çünki bu gümüşdən, qızıldan və ağacdan
olan allahlara qadınlar təqdim gətirirlər.
31 Onların ibadətgahlarında kahinlər
cırılmış köynəklərdə, başı və saqqalı
qırxılmış vəziyyətdə, başıaçıq otururlar.
32 Kahinlər öz allahları qarşısında şivən
çəkib bağırırlar, necə ki, bəziləri bunu
ölənlərin yasında edirlər. 33 Onların
paltarlarının bir hissəsini kahinlər özlərinə
götürür və arvad-uşaqlarını geyindirirlər.
34 Bu allahlar kimdənsə pis, yaxud yaxşı
əməl görəndə ona əvəzini ödəyə bilmirlər;
onlar padşahı taxta çıxarıb, onu taxtdan
sala bilmirlər. 35 Eləcə də onlar nə sərvət,
nə də kiçik bir mis sikkə verə bilmirlər.
Əgər kimsə onlara and vəd edib bunu
yerinə yetirmirsə, əvəz çıxa bilmirlər.
36 İnsanı ölümdən xilas edə bilmirlər, zəifi
güclünün əlindən ala bilmirlər. 37 Kor
adamın gözlərinə şəfa verə bilmirlər,
sıxıntı içində olan insana kömək edə
bilmirlər. 38 Dul qadının halına yanmırlar,
yetimə yaxşılıq etmirlər. 39 Ağacdan olan,
qızıl və gümüşlə örtülmüş bu allahlar
dağlardakı daşlara bənzəyir; onlara xidmət
edənlər biabır olacaqlar. 40 Beləliklə, necə
düşünmək və hesab etmək olar ki, onlar
allahlar ola bilər?
41 Xaldeylilərin özləri də bu allahlara
hörmətsizlik göstərirlər: onlar danışa
bilməyən lal bir adam görəndə onu Baalın
yanına gətirirlər və tələb edirlər ki, Baal
sanki hiss edə bilirmiş kimi ucadan
qışqırsın. 42 Onların bunu bacarmadığını
bilsələr də, əl çəkmirlər, çünki bunun
mənası yoxdur. 43 Həmçinin qadınlar
bellərinə ip bağlayıb ot tüstüsü çəkərək yol
üstündə otururlar. 44 Onlardan hər hansı
biri yoldan keçənə nəzər yetirib, onunla
yaxınlıq edəndə öz rəfiqəsini məzəmmət
edir ki, o, bu şərəfə nail olmayıb və onun
ipi qırılmayıb. 45 Onlarla baş verən bütün
işlər saxtadır və beləliklə, necə düşünmək
və hesab etmək olar ki, onlar allahlar ola
bilər?
46 Onlar sənətkarlar və qızıl işləri görənlər
tərəfindən düzəldilib və sənətkarların
onlarla etmək istədiyindən başqa bir şey
ola bilməzlər. 47 Onları düzəldənlərin
özləri uzunömürlü deyil; bəs onların
düzəltdiyi şeylər necə allahlar ola bilər?
48 Onlar nəsillərə yalan və biabırçılığı
miras qoyublar. 49 Üstlərinə müharibə və
fəlakət gələndə kahinlər öz aralarında
məşvərət keçirirlər ki, bu allahlarla birgə
203
harada gizlənsinlər. 50 Əgər onlar özlərini
müharibədən və fəlakətdən qurtara
bilmirlərsə, deməli, allahlar deyillər.
51 Axı onlar ağacdandır, qızıl və gümüşlə
örtülmüşlər. Bundan bilmək olar ki, onlar
saxtadır; qoy bütün xalqlara və padşahlara
aşkar olsun ki, onlar allahlar deyil, insan
əlinin işidir və onlarda heç bir İlahi əməl
yoxdur. 52 Beləliklə, hər kəsə aydındır ki,
onlar allahlar deyil.
53 Onlar ölkələrə padşah təyin etmir,
insanlar üçün yağış göndərmir,
54 məhkəmədə hökm çıxarmır, əzilən
insanı müdafiə etmirlər; göylə yer arasında
çırpınan qarğalar kimi gücsüzdürlər.
55 Çünki bu ağacdan olan, yaxud qızıl və
gümüşlə
örtülmüş
allahların
ibadətgahlarına od düşəndə onların
kahinləri qaçıb canlarını qurtaracaq,
onlarsa şalban kimi içəridə yanacaqlar.
56 Onlar nə padşaha, nə də düşmənə qarşı
dayana biləcəklər. 57 Beləliklə, necə qəbul
etmək və düşünmək olar ki, onlar
allahlardır?
58 Ağacdan olan, qızıl və gümüşlə
örtülmüş bu allahlar nə oğrulardan, nə də
quldurlardan özlərini qoruya bilir:
qarətçilər bu allahlardan güclü çıxıb
üstlərindəki qızılı, gümüşü və paltarları
çıxarır, qənimətlə gedirlər, bu allahlarsa
öz-özlərinə kömək edə bilmirlər. 59 Buna
görə də şücaət göstərən bir padşah, yaxud
sahibinin evdə işlətdiyi faydalı ev əşyası
yalançı allahlardan daha yaxşıdır; yaxud da
içərisindəki əmlakı qoruyan evin qapısı və
padşah sarayındakı ağacdan olan sütunlar
yalançı allahlardan daha yaxşıdır. 60 İşıq
vermək üçün yaradılan günəş, ay və
ulduzlar itaətlə bu işi yerinə yetirirlər;
61 eləcə də ildırım təzahür edir və külək
ölkənin hər yerində əsir; 62 buludlar da
Allahın onlara bütün yer üzündən
keçməsini əmr edəndə tez yerinə yetirirlər,
dağları və meşələri məhv etmək üçün
göydən göndərilən od da ona təyin olunan
işi edir. 63 Bu allahlar isə nə
görünüşlərinə, nə də güclərinə görə onlara
tay ola bilməz. 64 Necə düşünmək və
hesab etmək olar ki, onlar allahlar ola
bilər? Bir halda ki, onlar nə məhkəmədə
hökm çıxarmağa, nə də insanlara yaxşılıq
etməyə qadirdir. 65 Beləliklə, onların
allahlar olmadığını bilərək, onlardan
qorxmayın.
66 Onlar padşahları nə lənətləyir, nə də
onlara xeyir-dua verirlər. 67 Millətlərə
səmada əlamət ola bilməzlər, çünki nə
günəş kimi şəfəq, nə də ay kimi işıq
saçırlar. 68 Heyvanlar onlardan yaxşıdır:
bunlar öz sığınacaqlarına qaçaraq özlərinə
kömək edə bilirlər. 69 Beləliklə, onların
allahlar olmasını biz heç nədə görmürük;
buna görə də onlardan qorxmayın.
70 Bostandakı müqəvva heç nəyi
qorumadığı kimi, onların ağacdan olan,
qızıl və gümüşlə örtülmüş allahları da
belədir. 71 Eyni cür onların ağacdan olan,
qızıl və gümüşlə örtülmüş allahları üstündə
hər cür quş oturan bağdakı tikanlı alağa,
həmçinin qaranlığa atılmış meyitə oxşayır.
72 Onlardakı çürüyən tünd-qırmızı nəfis
kətandan bilərsiniz ki, onlar allahlar deyil;
sonra isə qurdlar onların özlərini yeyəcək
və ölkədə biabır olacaqlar. 73 Beləliklə,
bütləri olmayan saleh insan üstündür,
çünki biabırçılıqdanuzaqdır.
204
BARUXUN
KİTABI
GİRİŞ
«Baruxun Kitabı» Peyğəmbər Yeremyanın katibi Barux tərəfindən yazılmışdır. Kitabın
əvvəlində sürgünə aparılan Yəhudilərin öz günahları üçün dua etdikləri və Allahdan
bağışlanmaqlarını dilədikləri təsvir olunur. Barux öz kitabında xalqı müdrikliyə
səsləyərək yenidən Allahın yoluna dəvət edir və Allaha üz tutduqları təqdirdə təsəlli
tapacaqlarını vəd edir.
Dostları ilə paylaş: |