Farslara və Yəhudeyaya qarşı müharibəyə hazırlıq 27 Padşah Antiox bu söhbətləri eşidəndə
qəzəbindən alışıb-yandı və xəbər göndərib
padşahlığının bütün qüvvələrini – çox
güclü bir qoşun topladı. 28 O, xəzinəsini
açıb əsgərlərinə bir illik məvacib verdi və
onlara ehtiyac olduğu halda hazır
olmalarını əmr etdi. 29 Amma xəzinəsində
pulun qalmadığını və ölkədə vergi
vəsaitinin azaldığını gördü; bunun da
səbəbi onun əzəldən bəri mövcud olan
qaydaları ləğv edərək bu torpağa gətirdiyi
nifaq və fəlakət idi. 30 Əlindəki vəsaitin
bir-iki dəfədən artıq xərclərə və
hədiyyələrə çatmayacağından ehtiyat etdi;
əvvəllər özündən qabaqkı padşahları geridə
qoyaraq səxavətlə hədiyyə paylamağı adət
etmişdi. 31 Ürəyi çox narahat olaraq Fars
ölkəsinə getməyi, ölkələrdən xərac yığıb
çoxlu pul toplamağı qərara aldı. 32 Fərat
çayından Misir hüdudlarına qədər padşah
işlərini idarə etməyi məşhur adam və
padşah nəslindən olan Lisiyaya həvalə etdi.
33 Qayıdana qədər oğlu Antioxun da
qayğısına o qalmalı idi. 34 Həmçinin
qoşunun yarısının və fillərin ixtiyarını ona
verdi, nəzərdə tutduğu hər şey barədə,
xüsusilə də Yəhudeya və Yerusəlim
sakinlərinə dair göstəriş verdi: 35 ta ki
İsrailin qüdrətini və Yerusəlimdəki qalan
əhalini əzib yox etmək və onların o yerdən
adını silmək üçün onlara qarşı qoşun
göndərsin; 36 onların bütün ərazisində
yadelliləri yerləşdirsin və torpaqlarını
bunların arasında bölüşdürsün. 37 Padşah
özü isə qoşunun qalan yarısını götürüb öz
paytaxtı olan Antakyadan yola düşdü; bu,
yüz qırx yeddinci ildə oldu. O, Fərat çayını
keçərək yuxarı ölkələrə səfər etdi.