II Dimitri Şimonla maraqlanır 31 Trifon hiylə ilə cavan padşah Antioxla
birgə yola çıxdı və onu öldürdü. 32 Trifon
onun yerinə padşah oldu və Suriya tacını
başına qoydu. O, yer üzündə böyük
viranəlik törətdi. 33 Şimon Yəhudeyada
qalalar tikib onları hündür qüllələrlə,
böyük divarlarla əhatə etdi, sürğü ilə
bağlanan darvazalarla təchiz etdi və
qalalarda ərzaq ehtiyatı qoydu. 34 Sonra
adamlar seçərək ölkəsinə qurtuluş diləmək
üçün padşah Dimitrinin yanına göndərdi,
çünki Trifonun bütün işləri qarətçilik idi.
35 Padşah Dimitri bu sözlərin cavabında
ona məktub göndərdi və orada belə yazdı:
36 «Padşah Dimitridən baş kahin və
padşahların dostu Şimona, Yəhudi
ağsaqqallarına və millətinə salamlar!
37 Göndərdiyiniz qızıl tacı və xurma
budağını biz aldıq. Sizinlə tam sülh
yaratmağa və sizi vergilərdən azad etməyi
məmurlara yazmağa hazırıq. 38 Sizə dair
bütün göstərişlər dəyişməz qalır. Tikdiyiniz
qalalar da qoy sizin olsun. 39 Bu günə
qədər bilmədən etdiyiniz təqsirlərinizi,
günahlarınızı və ödəməli olduğunuz tac
vergisini sizə bağışlayırıq. Yerusəlimdə bir
qayda olaraq yığılan hər hansı digər vergi
bundan sonra yığılmayacaq. 40 Aranızda
bizim xidmətimizə yazılmağa layiq bir
adam tapılsa, gəlib yazılsın. Qoy aramızda
sülh olsun». 41 Yüz yetmişinci ildə
İsraildə bütpərəstlərin əsarəti sona çatdı.
42 Xalq sənədlərdə və müqavilələrdə belə
yazmağa başladı: «Böyük başçı, sərkərdə
və Yəhudilərin idarəçisi Şimonun birinci
ilində…»