Şimonun oğulları Kendebeyi məglub edir 1 Sonra Yəhya Qazaradan yuxarıya getdi.
Kendebeyin etdiyi işləri atası Şimona
bildirdi. 2 Onda Şimon iki böyük oğlu
Yəhuda və Yəhyanı çağırıb onlara dedi:
«Mən, qardaşlarım və atamın ev xalqı
cavanlığımızdan bu günə qədər İsrailin
düşmənləri ilə döyüşmüşuk. İsraili
dəfələrlə öz əllərimizlə uğurla xilas
etmişik. 3 Amma mən artıq yaşa doldum,
sizsə Allahın lütfü ilə yetkin yaşa
çatmısınız. Mənim və qardaşımın yerinə
keçin və gedib millətimiz naminə döyüşün.
Səmaların köməyi sizə yar olsun!»
4 Şimon ölkədən iyirmi min piyada və
süvari əsgər seçdi. Onlar Kendebeyin
üzərinə getdilər. Gecəni Modində
keçirdilər. 5 Səhər erkən qalxıb düzənliyə
çıxdılar və budur, piyada və süvarilərdən
ibarət çoxsaylı bir qoşun onların qarşısına
gəlir. Aralarında bir vadi var idi. 6 Yəhya
adamları ilə birlikdə onların qarşısında səf
çəkdi. Adamlarının vadini keçməkdən
qorxduqlarını görüncə birinci özü keçdi.
Adamları da bunu görüb onun ardınca
vadini keçdilər. 7 Yəhya adamları iki yerə
böldü, süvariləri piyadaların arasına qoydu.
Düşmənin süvariləri isə olduqca çox idi.
8 Borular çalındı. Kendebey və onun
qoşunu məğlub oldu, onlardan çoxlu adam
vurulub yerə sərildi, qalanı isə qalaya
qaçdı. 9 Onda Yəhyanın qardaşı Yəhuda
yaralandı, amma Yəhya Kendebeyin
tikdiyi Kedrona çatana qədər onların
dalınca getdi. 10 Düşmənlər Azotun ətraf
tarlalarında olan qüllələrə qaçıb-sığındılar.
Amma Yəhya od vurub Azotu yandırdı və
onlardan iki minə qədər adam həlak oldu.
Yəhya əmin-amanlıqla Yəhuda torpağına
qayıtdı.