Ziyafət zamanı qaydalar 12 Təmtəraqlı bir süfrəyə oturdunsa,
Ona ağzıaçıq baxma,
«Nə çox yemək var» demə.
13 Yada sal ki, acgöz olmaq pis şeydir.
Yaradılış arasında göz qədər həris nə var?
Gördüyü hər şeydən ötrü ağlayır.
14 Gözün baxdığı hər şeyə əlini uzatma,
Əlin qabda başqasının əli ilə toqquşmasın.
15 Özünü qonşunun yerinə qoy,
Hər işini götür-qoy et.
16 Bir nəcib adam kimi qabağına
qoyulanları ye,
Acgözlüklə yemə ki, səndən zəhlələri
getməsin.
17 Ədəb-ərkana uyğun, hər kəsdən qabaq
yeməyi burax,
Gözüdoymaz olma ki, heç kəsi incik
salmayasan.
18 Əgər çoxlu adamın arasında
oturmusansa,
Onlardan qabaq yeməyə əl uzatma.
19 Nəcib adam aza qane olur,
Buna görə də yatağına uzandığı vaxt
təngnəfəs olmur.
20 Mədə pəhriz saxlayanda yuxu da
sağlam olar,
İnsan səhər erkən qalxar və kefi kök olar.
Gözüdoymaz adamın nəsibi isə
Yuxusuzluqdan əziyyət, mədə pozğunluğu
və sancı olar.
21 Əgər qarnını yeməklə doldursan,
Qalxıb mədəndəkiləri qaytar ki, rahat
olasan.
22 Övladım, mənə qulaq as,
söylədiklərimə etinasızlıq etmə,
Sonda mənim sözlərimdəki nəticəyə
gələcəksən.
Bütün işlərində diqqətli ol,
Onda heç bir xəstəliyə düçar olmazsan.
23 İnsanlar əliaçıq adama xeyir-dua
edərlər,
Onun xeyirxahlığı barədə şəhadət
etibarlıdır.
24 Xəsis adam barədə isə şəhər əhalisi
gileylənər,
Onun xəsisliyi barədə şəhadət doğrudur.