Mattatiya və onun dostlarının münasibəti 39 Mattatiya və onun dostları bu barədə
biləndə onlardan ötrü hədsiz matəmə
batdılar. 40 Hər kəs öz qonşusuna dedi:
«Əgər biz hamımız da qardaşlarımız kimi
etsək, öz həyatımız və qaydalarımız
naminə bütpərəstlərlə döyüşməsək, onlar
tezliklə bizi yer üzündən yox edərlər».
41 O gün bu qərara gəlib söylədilər:
«Şənbə günü kim bizimlə döyüşə girsə, biz
də onunla döyüşəcəyik; ta ki qardaşlarımız
gizli yerlərdə öldüyü kimi biz hamımız da
ölməyək». 42 O zaman bir dəstə Hasideyli
onlara qoşuldu. Onlar İsrailin qüvvətli
döyüşçüləri idilər. Hamısı könüllü olaraq
qanuna bağlı adamlar idi. 43 Bəla üzündən
qaçqın düşənlərin hamısı onlarla birləşdi
və onları dəstəklədi. 44 Onlar qoşun
yaradıb, qəzəbləri ilə günahkarlara və
hiddətləri ilə itaətsizlərə zərbə vurdular.
Sağ qalanlarsa xilas üçün bütpərəstlərin
yanına qaçdılar. 45 Mattatiya və onun
dostları ətrafı dolaşıb qurbangahları
dağıtdılar. 46 İsrail hüdudlarında rast
gəldikləri sünnət olunmayan bütün oğlan
uşaqlarını məcburən sünnət etdilər.
47 Dikbaşlıq edən adamları təqib etdilər və
işləri özləri üçün uğurlu oldu. 48 Beləliklə,
qanunu bütpərəstlərdən və padşahlardan
müdafiə etdilər və günahkarlara dəstək
vermədilər.