10 İndi də biz göylərə fəryad edək ki,
bəlkə, Rəbb bizə meyil edib əcdadlarımızla
bağladığı əhdi yada salar və bu gün bu
qoşunu bizim qarşımızda darmadağın edər.
11 Onda bütün bütpərəstlər dərk edəcəklər
ki, İsrailin Satınalanı və Xilaskarı var».
12 Yadellilər başlarını qaldırıb qarşı
tərəfdən onlara doğru irəliləyənləri
görəndə 13 ordugahdan döyüşə çıxdılar.
Yəhuda ilə olanlarsa boru çaldılar.
14 Qoşunlar döyüşə girdi. Bütpərəstlər
məğlub olub düzənliyə qaçdılar. 15 Arxada
qalanların hamısı qılıncdan keçirildi.
Qaçanları Ğazeraya, Edom düzənliyinə,
Azota və Yamniyaya qədər təqib etdilər.
Onlardan üç minə qədər adam həlak oldu.
16 Yəhuda və qoşunu onları təqib etməyi
dayandırıb geri qayıtdılar. 17 O, xalqa
dedi: «Qənimət dalınca düşməyin, çünki
hələ qarşımızda döyüş var. 18 Qorqiya və
qoşunu dağda, bizim yaxınlığımızdadır.
İndi düşmənlərimizin qarşısına çıxıb
onlarla döyüşün, sonra isə cürətlə qənimət
götürərsiniz». 19 Yəhuda sözünü bitirən
kimi dağın arxasından çıxan bir bölük
göründü. 20 Onlar qoşunlarının məğlub
olduğunu və ordugahlarının yandırıldığını
gördülər; çünki qalxan tüstü nə
olduğundan xəbər verirdi. 21 Bunu
anlayanda böyük dəhşətə düşdülər.
Həmçinin Yəhudanın qoşununu düzənlikdə
döyüşə hazır vəziyyətdə görüncə 22 hamısı
qonşuluqdakı yadellilərin torpağına qaçdı.
23 Onda Yəhuda qənimət üçün ordugaha
döndü. Çoxlu qızıl-gümüş, göy və
bənövşəyi rəngdə parçalar, külli miqdarda
qiymətli əşya ələ keçirdilər. 24 Yəhudilər
geri qayıdarkən göylərin Allahına ilahi
oxuyub alqış etdilər, «ona görə ki yaxşıdır,
çünki məhəbbəti əbədidir». 25 O gün İsrail
üçün möhtəşəm qurtuluş oldu.
Dostları ilə paylaş: