Qalileya və Gileadda döyüşlərin başlanması 9 Gileaddakı bütpərəstlər onların
ərazisində yaşayan İsrailliləri məhv etmək
üçün toplaşdılar. Amma İsraillilər Datema
qalasına qaçdılar. 10 Onlar Yəhuda və
onun qardaşlarına məktub göndərərək
yazdılar: «Ətrafımızdakı bütpərəstlər bizi
məhv etmək üçün toplaşıblar. 11 Hücum
edib qaçdığımız qalanı ələ keçirməyə
hazırlaşırlar. Qoşunlarına Timotey başçılıq
edir. 12 İndi isə gəlib bizi onların əlindən
qurtar, çünki çox adamımız qırıldı.
13 Tovda yaşayan bütün soydaşlarımız
öldürüldü, onların qadınları və uşaqlar əsir
aparıldı, əmlakları qənimət aparıldı;
təxminən min nəfər adamı öldürdülər».
14 Bu məktub hələ oxunarkən, budur,
Qalileyadan başqa qasidlər geyimləri
cırılmış halda bu xəbərlə gələrək
15 dedilər: «Ptolemaida, Sur, Sidon və
Qalileyadakı bütün yadellilər əleyhimizə
birləşdilər ki, bizi məhv etsinlər!»
16 Yəhuda və xalq bu sözləri eşidəndə
böyük məşvərət şurasına toplaşdılar ki,
fəlakətə uğrayan və düşmənin hücumuna
məruz qalan soydaşları üçün nə edə
bilərlər. 17 Onda Yəhuda qardaşı Şimona
dedi: «Özünə adamlar seç və gedib
Qalileyada olan soydaşlarını qurtar. Mən
isə qardaşım Yonatanla birlikdə Gileada
gedəcəyəm». 18 Zəkəriyyə oğlu Yusifi və
Azariyanı xalqın başçısı edərək qoşunun
qalan hissəsi ilə birgə Yəhudeyanı
qorumaq üçün getdi. 19 Onlara əmr edib
dedi: «Bu xalqı idarə edin, amma biz
qayıdana qədər bütpərəstlərlə döyüşə
girməyin». 20 Şimona Qalileyaya yürüş
üçün üç min, Yəhudaya isə Gileada getmək
üçün səkkiz min adam ayrıldı.