Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi…1
Vətən isə təkcə torpaq deyil, ərazi deyil, həm də milli mənəviyyat, milli namus və qeyrətdir. Ətrafda milli-mənəvi ənənələr pozulursa, məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ülvi hissləri ayaq altına atırsa, Füzulinin, Aşıq Ələsgərin vəsf etdiyi gözəllər mənən dəyərsizləşirsə, – və bütün bunlar sənin Vətənində, ən yaxın ətrafında baş verirsə, özünün də, övladlarının da gec-tez bu xəstəliyə mübtəla olmayacağına əminlik haradandır? Axı, insan mühitdə formalaşır. Və bu mühitdə «söymə nökər atama, söyərlər bəy atana» timsalı da vardır.
Şair biganəlikdən danışır. Lakin bu mühitin pozulmasında bilavasitə iştirak edən, əxlaqi dəyərlərə, bakirə könüllərə qəsd edən «insanlar» da var. Onlar bizim aramızda olmaqla yanaşı, həm də «hörmət sahibləridir». Belə olan halda, kimsə soruşa bilər ki, heç olmazsa özü düz olmağa çalışan bu binəva «biganə»nin təqsiri nədir?
Amma bütün məsələ də elə bundadır ki, əxlaqi normalardan kənara çıxan pozğun adamlar, naqislər, tüfeylilər hər yerdə ola bilər; lakin cəmiyyət onları məzəmmət edir, islah etməyə çalışır, cəzalandırır. Faciə o zaman baş verir ki, cəmiyyət onları başa mindirir. Bu isə ancaq biganəlik, etinasızlıq xəstəliyinə tutulmuş cəmiyyətdə mümkündür. Buna ancaq özünü, özünün də ancaq bugününü düşünən, «burnunun ucundan o tərəfi görə bilməyənlər» rəvac verə bilər.
Özünü qorumaq istəyən, ilk növbədə məhz ətrafını, yaşadığı mənəvi mühiti qorumalı deyilmi? Özünü mənən yüksək görə bilmək üçün yüksək mənəviyyatlı millətin nümayəndəsi olmaq şərt deyilmi? Alçaldılmış və təhqir olunmuş millətin övladı baş ucalığı, qəlb rahatlığı tapa bilərmi? Qəlbində Vətən sevgisi, millət sevgisi olmayan adamın şəxsi məhəbbətinə, ailə sevgisinə inanmaq olarmı?
Bu sualların cavabını şair gözəl vermişdir:
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.1
Yaxud:
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz. 2
Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, milli heysiyyatdan məhrumluq heç də hamıya aid deyil. Hələ də millətin hər bir nümayəndəsinin şərəf və ləyaqətini özününkü hesab edən, hər bir Vətən qızına alçaldıcı münasibətin qeyrətini çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir düşən və ya maddi ehtiyac üzündən könlünü satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-nəfsini də özününkü sayan və qəlbi qübar bağlayan, millətin bu böyük dərdini öz çiyinlərində daşıyan və bu ağırlıqdan bir az xilas olmaq üçün «mənə biganəlik öyrət, ürəyim», – deyən, amma bir an da biganə ola bilməyən Məmməd Arazlar nə yaxşı ki, hələ vardır… Vardır?!
Gözümüzün qabağında zəmanə eşqi ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənəyə meydan oxuyur. Həyat bayağılaşır. Böyük ideallar qərbləşmək pərdəsi altında qurban verilir. Amma Qərb heç biz sandığımız kimi deyil. Daha çox bayağılaşan əslində çağdaş Şərqdir.
Klassik Şərqdə isə eşq kimisə «ələ keçirmək», onu öz ötəri hisslərinin, istəklərinin təminatçısına çevirmək, yaxud hətta qarşılıqlı həzz almaq mənasında yox, özünü sevgiliyə qurban vermək, onun yolunda hər əzaba qatlaşmaq mənasında başa düşülür. Yəni söhbət nəyi isə əldə etməkdən yox, nədənsə imtina etməkdən gedir. Ancaq bir adamı sevmək mümkün olduğundan, sevginin obyekti dəyişmədiyindən eşqdə peşəkarlıq ya ümumiyyətlə qəbul olunmur, ya da tamamilə başqa mənada başa düşülür. Yəni sözün böyük mənasında sevməyi, eşq oduna yanmağı bacarmaq və onun davamlı olmasına, ömürlük olmasına nail olmaq; çünki eşq hər adamın işi deyil və xüsusi bir istedad tələb edir:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.1
Fərdi fəlsəfi düşüncələr, insanın dünyadakı gözəllik və harmoniya qarşısında heyrətindən doğan suallar, insanın özü ilə və dünya ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun məqamlarıdır. Bu məqamlar özünü maddi dünyadan ayıran, fərqli bir mahiyyətin təmsilçisi olduğunu dərk edən və özündə dünyaya qarşı dura biləcək bir mənəvi güc, ideya qaynağı tapan və bu qaynaqdan müntəzəm surətdə bəhrələnərək daim kamilləşən, dünya ilə, cahan ilə tən gələn və nəhayətdə, bu «cahana sığmayan» insan-filosofun və ya sözün həqiqi mənasında insanın, böyük hərflə İnsanın həyat məqamları, idrakın əzablı və möhtəşəm addımları, mənəvi yüksəliş yaşantılarıdır. Heyrətdən başlanan idrak yolunda əzab və sevincin, eşq və kədərin vəhdət məqamları!..
Ülviyyət, heyrət və müqəddəslik duyğusu Şərq fəlsəfəsi və poeziyası üçün çox səciyyəvidir. Lakin etiraf etməliyik ki, bu gün biz babalarımızın yaratdıqlarını özümüzə qaytarmağa nail olmamış və onları inkişaf etdirmək bir yana dursun, sadəcə müasir fəlsəfi fikir kontekstində yenidən mənimsəyə bilməmişik. Təəssüf ki, heyrətdən başlanan, məhəbbətdən keçən və fəlsəfi idraka, kamillik məqamına yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu elə məhəbbətdə ilişib qalmışıq və bəzi rəmzləri hərfi mənada təfsir etdiyimizdən, ulularımızın böyük ideyalarını da təhrif etmiş, cılızlaşdırmışıq. Mütəfəkkir şairlərimizin idealı heç də fani dünyanın gözəllikləri yox, ilahi eşq və idrakdır.
Nizami Allaha xitabən yazır:
Dostları ilə paylaş: |