Diplomatik korpus. Duayen Diplomatik korpus qəbul edən dövlətdə diplomatik nümayəndəliklərin diplomatik personalını özündə birləşdirən qurumdur

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 23.39 Kb.
tarix27.12.2018
ölçüsü23.39 Kb.

Diplomatik korpus. Duayen

Diplomatik korpus qəbul edən dövlətdə diplomatik nümayəndəliklərin diplomatik personalını özündə birləşdirən qurumdur. Bu qurumun formalaşması və fəaliyyəti ilə bağlı bir çox məsələlər bilavasitə protokol qaydalarına da sirayət edir. Ümumiyyətlə diplomatik korpus anlayışı bir neçə formada baxıla bilər. Birinci halda bu quruma bütün diplomatlar, diplomatik nümayəndəliklərin və missiyaların əməkdaşları, hətta ticarət və digər nümayəndəliklərin başçıları, müavinləri, attaşelər, və s. daxil edilir. Ikinci halda isə yuxarıda göstərilən kateqoriyalardan olan şəxslərin ailə üzvləri (yetkinlik yaşına çatmış subay övladları da nəzərdə tutulmaqla) diplomatik korpusun heyətinə daxil edilir.

Qəbul edən dövlətin xarici işlər nazirliyi diplomatik korpus barədə məlumat kitabçası hazırlayır və səfirliklərə çatdırır. Diplomatik korpusdakı dəyişikliklərin mütəmadi izlənməsi və sorğu kitabında bu haqda düzəlişlər edilməsi də xarici işlər nazirliyinin protokol xidməti tərəfindən həyata keçirilir. Diplomatik korpus bir qurum kimi müstəqil, biri- birindən asılılığı olmayan diplomatik nümayəndələri birləşdirir. Bu qurumun yaranması zərurəti həmin şəxslərin fəaliyyət növü (səfir, müşavir, attaşe və s.) və fəaliyyət yeri (qəbul edən dövlət) ilə bağlıdır. Bununla belə beynəlxalq hüquq normalarında diplomatik korpusun yaranması, onun fəaliyyəti ilə bağlı xüsusi tələblər nəzərdə tutulmayıb və dövlətlər arasında bağlaşmalar mövcud deyildir. Diplomatik korpus, məhz bu səbəbdən, hüquqi şəxs qismində baxıla bilməz. Eyni zamanda da diplomatik korpus nə siyasi təşkilat, nə də siyasi birlik deyildir.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, diplomatik nümayəndəliklərin qəbul edən dövlətdə fəaliyyətinin uğurlu onların həm qəbul edən dövlətin müvafiq strukturları və həm də öz aralarındakı qarşılıqlı anlaşmadan bilavasitə aslıdır.

Diplomatik korpusun yerləşmə dövlətinin daxili işlərinə qarışması yolverilməzdir. Yalnız müstəsna hallarda (milli bayram, matəm mərasimləri vəs.) diplomatik korpusun iştirakçı olduğu mərasimlərdə kollektiv nota imzalanmasına təsadüf olunur. Bu missiyanın icrası diplomatik korpusun duayeninə həvalə olunur.

Duayen qəbul edən dövlətin xarici işlər nazirliyi və xüsusilə protokol şöbəsi ilə daimi əlaqədə olur, diplomatik korpusun iştirakçı nəzərdə tutulan tədbir və mərasimlərlə bağlı incəlikləri dəqiqləşdirir. Bütün bu məlumatlar öz növbəsində diplomatik nümayəndəliklərin başçılarına çatdırılır.

Bununla yanaşı hər bir diplomatik nümayəndəlik başçısı təkbaşına nota göndərilməsinə də üstünlük verə bilər. Diplomatik korpusun başçısı yerli orqanlar tərəfindən diplomatların imtiyazlarına laqeydlik halları müşahidə olunduqda bu barədə narahatçılığını bildirməyə borcludur. Bununla belə qəbul edən dövlətin hakimiyyət orqanları duayendən diplomatik fəaliyyətlə bağlı olmayan informasiya daşıyıcısı kimi istifadə etməməlidir. Diplomatik korpusu duayenin vasitəçiliyi ilə hər hansı hadisəyə münasibət bildirilməsinə sövq etmək (yardım göstərmək məqsədi ilə vəsait toplamaq, xeyriyyəçilik adı ilə müəyyən tədbirlər keçirilməsi). Ara-sıra bu tipli tədbirlər müxtəlif səfirliklər tərəfindən keçirilsədə, diplomatik korpusun kollektiv həmrəyliyə çağırılması arzuolunmazdır. Lakin heç bir halda qəbul edən dövlətin daxili işlərinə müdaxilə olunmamalıdır. Diplomatik korpus yalnız təmsilçilik funksiyalarının yerinə yetirilməsinə xidmət edir. Çünki diplomatik əlaqələr ikitərəfli qarşılıqlı saziş əsasında qurulur və tərəflər diplomatik əlaqələrə dair Vyana konvensiyasına qoşulan dövlətlər kimi öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludur. 2001- ci ilin mart ayında ABŞ- ın 50- yə yaxın Rusiya diplomatını persona non qrata elan etməsi əslində bu iki dövlət arasındakı “diplomatik müharibədir” və diplomatik korpusun bu işə müdaxilə etməsi beynəlxalq etikadan kənardır.

Diplomatik korpusun duayeni müasir diplomatik təcrübədə 1961- ci il Vyana konvensiyasında nəzərdə tutulduğu kimi, etimadnaməsini digərlərindən daha tez (birinci) təqdim edən səfir (diplomatik nümayəndəliyin başçısı) təyin olunur. Konvensiyanın 13- cü maddəsinin 2- ci bəndində nəzərdə tutulduğu kimi “Etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin təqdim edilməsi ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və saatla müəyyənləşdirilir.”

Nəzərdə tutulmalıdır ki, diplomatik nümayəndəliyə müəyyən bir müddətdə müvəqqəti işlər vəkili də başçılıq edə bilər. Vyana konvensiyasında müvəqqəti işlər vəkilinin duayen olması nəzərdə tutulmamışdır. Bu kateqoriyadan olan şəxslər arasında ağsaqqalıq onlara diplomatik nümayəndəliyə başçılıq etmək funksiyalarının həvalə olunduğu tarixlə müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan bu prinsipdən yayınmalar da mövcuddur. Bəzi dövlətlərdə qəbul olunmuş ənənəyə görə Fransa səfirləri həmişəlik duayendirlər. Eləcə də Vatikanın aliliyini qəbul edən dövlətlərdə (katolik dövlətlərdə) Vatikan kilsəsinin nümayəndələri (nunsilər) rəmzi duayen kimi qəbul olunurlar.

Beynəlxalq təcrübədə daha çox Afrika dövlətlərində ənənəvi kanonlar qorunub saxlanılmaqdadır. Misal üçün Toqo Respublikasında Fransa və AFR ilə əlaqələrin qurulmasının 100 illiyi şərəfinə 1984- cü ildə xüsusi fərmanla Fransanın səfiri həmişəlik duayen, AFR isə həmişəlik vitse- duayen elan olunmuşdur. Burkina- Faso dövlətində isə bir qədər fərqli qərar qəbul edilmişdir. Bu dövlətdə duayen və vitse- duayen Afrika dövlətlərindən olan səfirlər sırasında olmalıdır. Bir şərtlə ki, həmin səfirlər Uaqaduquda daimi diplomatik nümayəndəliyə başçılıq etməlidir. Bu o deməkdir ki, səyyar səfirlər bu vəzifələri icra edə bilməz.

Diplomatik görüşlər və söhbətlər

Diplomatik söhbətlər öz məqsəd və məramına görə çeşididir. Bu sırada aşağıdakıları qeyd etmək lazımdır:

1.Tanışlıq (Xarici İşlər Naziri ilə ilk görüş, etimadnamə təqdim olunması zamanı ölkə başçısı ilə ilk görüş, qəbul edən dövlətə gələrkən duayenlə və öz gələcək həmkarları ilə görüşlər və s.)

2. Mövcud əlaqələrin möhkəmlənməsi , inkişaf etdirilməsi və genişləndirilməsi.

3. Hər hansı yeni məlumatı çatdırmaq və yaxud tələb olunan informasiyanın əldə etmək.

4. Hər hansı problemlə bağlı öz ölkəsinin mövqeyini bildirmək və bunun doğruluğuna qarşı tərəfi inandırmaq niyyəti.

5. Beynəlxalq problemlərin və eləcə də ikitərəfli münasibətlərin praktik suallarını müzakirə etmək.

6. Danışıqlara hazırlığın vəziyyəti, imzalanacaq sənədlərin hazırlanması müddətlərinin müzakirəsi.

Diplomatik görüşlər və söhbətlər aparılması birbaşa diplomatik nümayəndəlik başçılarının funksiyalarına aiddir. Bunun üçün ona bütün səlahiyyətləri həmin vəzifəyə təyin olunarkən dövlət başçısı tərəfindən verilmiş sayılır. Digər hallarda isə bu səlahiyyətlər nümayəndə heyətlərinin başçılarına və xüsusi tapşırıqlar üzrə səfirlərə də verilir. Diplomatik söhbətlərin aparılması xaricdəki diplomatik nümayəndəliklərin gündəlik işi olduğundan bununla bağlı protokol qaydaları xüsusi diqqət tələb edir. Yadda saxlamaq lazımdır ki, bütün bu proseslər bir də ona görə məsuliyyətdir ki, səfirlər eyni zamanda özləri də başqaları üçün informasiya mənbəyidir. Diplomatik söhbətlərin aparılmasını nitq mədəniyyəti (ünsiyyətə qatılmaq və dinləmək), diplomatik etiket və s. anlayışlardan kənar təsəvvürə gətirmək çətindir. Diplomatik görüşlər və söhbətlər çoxçeşidli olduğundan onların aparılması metodları da müxtəlifdir. J. Kambon “diplomatiya sahəsi qədər konkret tələbləri olmayan ikinci bir sahə” olmadığını vurğulayarkən məhz bu fəaliyyət sahəsində adət, ənənə və şərtiliklərin aparıcı rolunu ön plana çəkirdi. Bəzən siyasət adamları “köhnə diplomatiya” və “yeni diplomatiya” anlayışları ilə manipulyasiya etsələr də, J. Kambon bunları yalnız quru söz adlandırır və “insan təbiəti” dəyişmədiyi kimi, diplomatiyada da çox şeyin dəyişilməzliyini qeyd edir. Zənnimizcə bu fikrin özü də birbaşa diplomatik protokola şamil olunmalıdır.

Diplomatik nümayəndəlik başçısının qəbul edən dövlətdə öz funksiyalarının icrası zamanı keçirdiyi görüşlər və bu zaman apardığı söhbətlər çoxsaylı olduğundan belə qruplaşdırma aparmaq olar:

Göndərən dövlətin rəhbərliyinin rəsmi tapşırığı ilə qəbul edən dövlətin rəsmi şəxsləri ilə;

Qəbul edən dövlətin başçısının və XİN- nin dəvəti ilə;

Qəbul edən dövlətin ayrı- ayrı rəsmi vəzifəli şəxsləri və nüfuzlu elm, mədəniyyət xadimləri, kütləvi- informasiya vasitələrinin nümayəndələri, siyasət adamları, din xadimləri ilə onların arzusu və yaxud öz arzusu ilə;

öz ölkəsinin XİN- nin tapşırığı ilə;

Qəbullar zamanı, rəsmi mərasimlərdə, mədəni- kütləvi tədbirlər zamanı, sərgilərdə və s.

Rəsmi mərasimlərdən kənar vaxtlarda, danışıqlararası fasilələrdə;

Təsadüfi (mehmanxanada, gəzinti vaxtı və s.) söhbətlər;

Gözlənilməz (mövzusu qabaqcadan bilinməyən) söhbətlər;



Göründüyü kimi diplomatik nümayəndəlik başçıları qəbul edən dövlətdə çoxsaylı funksiyaların icrası kimi hər an, hər dəqiqə görüşlərin və söhbətlərin həm subyekti, həm də obyektinə çevrilə bilər. Yüksək diplomatik bacarıq və vərdişlər olmadan bu dolanbaclardan uğurla keçmək həqiqətən çətindir. Böyük uzaqgörənliklə diplomatiyanın “xalqların maraqlarını uzlaşdırmaq mədəniyyəti” adlandırılması fikri ilə razılaşmamaq qeyri mümkündür. Bu günün diplomatiyası üçün daha vacib sayılan xalqlar arasında xoş məramların uzlaşdırılmasıdır. Görüşlərin və söhbətlərin də başlıca məqsədi bununla bağlıdır.

Səfirlərin keçirdiyi görüşlər və söhbətlər sırasında parlamentlərarası əlaqələrin qurulması və inkişafına yönəldilən fəaliyyət xüsusi diqqət tələb edir. Parlament başçıları, daimi komissiyaların sədrləri, deputatlarla görüşlər öz mahiyyətinə görə protokol görüşlərindən çox- çox fərqlidir. Beynəlxalq praktikada “konfrans diplomatiyası” adlanan bu tipli diplomatik fəaliyyətə son dövrlər meyl daha güclüdür.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə