Vaveyla səhrası
Məsumə Səbukxiz
Ağır bir sükut başlayırdı. Uşaqlar yatmışdılar. Özüm də yavaş-yavaş yatmağa hazırlaşırdım.
Gecənin qaranlığında qulağıma yavaş bir səs gəldi. Həyətdən gəlirdi, küçə qapısının ehtiyatla bağlanma səsi idi. Bir anlığa qəlbimə sevinc doldu. Əbdülhüseyn səksən gün idi evə gəlmirdi. Onun olduğunu düşünüb bayıra çıxdım.
Təxminim düz idi. Qapının ağzında onu gördüm. Həmişəki kimi gülümsəyirdi. Salamlaşıb hal-əhval tutduq. Sevincək dedim: «Gedim uşaqları oyadım».
Yavaşca dedi: «Yox, lazım deyil».
Təəccüblə soruşdum: «Nə üçün?»
– İçəri girək, deyərəm.
Elə dedi ki, çox narahat olmayım. Səhər tezdən Kaşmərə getməli idi; həm çıxışı vardı, həm də oranın komandiri ilə görüşəcəkdi.
– İnşallah, sabah günortadan sonra qayıdaram. Belə olsa, uşaqları daha yaxşı və doyunca görə bilərəm.
Sübh azanına bir saat qalmış yuxudan oyandım. Mətbəxin işığı yanırdı. Bildim ki, Əbdülhüseyndir. Evə gələndə çox vaxt oruc tuturdu. Bir dəfə də yadıma gəlmir ki, obaşdan yeməyi və ya çay hazırlamaq üçün məni oyatmış olsun. Bütün işləri özü görürdü.
Yerimdən qalxıb mətbəxə keçdim. Siniyə bir çaynik çay və iki stəkan qoymuşdu. Salam verdim. Gülərüzlə cavabımı aldı. Sinini göstərib soruşdum: «Bunları harasa aparırsan?»
Gülüb yavaşca dedi: «Küçədə bir Allah bəndəsi var; bilmirəm yolçudur, yoxsa ziyarətçi. Ona çay aparıram, savabdır».
Sinini götürüb səssiz-səmirsiz bayıra çıxdı. Bir müddət idi hər dəfə evə gələndə belə edirdi; ya çay aparırdı, ya meyvə və ya xörək. Hər dəfə soruşanda da oxşar cavablar verirdi. Maraqlı idi ki, o adamlar da əksərən maşınla idilər.
Sübh azanında namazını qılıb Kaşmərə yola düşdü.
Günortaya yaxın qonşunun uşağı gəlib dedi: «Ağa Burunsi Kaşmərdən zəng vurub, sizinlə işi var».
Həmin gün su boruları küçədən partlamışdı və səhərdən susuz qalmışdıq. Çox dilxor idim. Düşündüm ki, yəqin gələ bilməyəcəyini demək üçün zəng vurub.
Qonşunun uşağı dayanıb gözləyirdi. Narahat halda ona dedim: «Oğul, get mənim adımdan ağa Burunsiyə de ki, Kaşmərdə qohumlarının yanında ürəyi istəyən qədər qalsın, oradan da cəbhəyə getsin, evə gəlməsin».
Axşamüstü idi. Su yeni düzəlmişdi və həyətdə qabları yuyurdum. Birdən Əbdülhüseyn gəldi. Əhəmiyyət vermədim, çox hirslənmişdim. Heç başımı da qaldırmadım. Önümdə dayanıb güldü.
– Niyə bu qədər hirslisən?
Heç nə demədim. Çox narahat idim. Daha mehriban görkəm aldı.
– Nə üçün telefona gəlmədin? Heç bilirsən niyə zəng vurmuşdum?
Yenə heç nə demədim.
– İstəyirəm sizi bir neçə günlüyə Kaşmərə aparım.
Bunu deyən kimi problemin özümdə olduğunu anladım, lakin nədənsə narahatlığım anbaan artırdı. Uşaqlar başına toplaşdılar. Bir-bir onları öpüb hallarını soruşurdu. Onlarla evə keçdi.
İşim bitəndən sonra qabları götürüb içəri girdim. Gülərüzlə mənə yaxınlaşdı.
– Mən səhərdən heç nə yeməmişəm. Yeməyə bir şey olsa, pis olmaz.
Məni sakitləşdirmək istəyirdi, mənsə çox narahat idim və dinib-danışmırdım. Mətbəxə keçib yumurta bişirdim. O vaxt qızım Fatimənin 6-7 yaşı olardı. Onu ucadan çağırıb dedim: «Gəl, atana yemək apar».
Birdən səbri tükəndi. Mətbəxə keçdi.
– Ata daha heç nə istəmir.
Asılqana sarı getdi, narahat halda dedi: «Fatimə ataya yemək aparsın?!»
Abbası və Əbəlfəzli qucağına götürdü, digər uşaqlar da arxasınca yola düşdülər. Belə olmasını istəməzdim, amma daha iş-işdən keçmişdi. Bir neçə dəqiqədən sonra hamısı qayıtdı. Anam da yanlarında idi. Bildim ki, gedib məndən şikayət edib. İçəri girdilər. Tez o biri otağa keçdim. Sanki bir neçə illik qəhərim açıldı, birdən ağlamağa başladım. İşlər bundan da pis korlana bilməzdi.
Bir az sonra anama belə deyirdi: «Bu, haqlıdır, xala, nə qədər narahat olsa, haqlıdır. Mən onu əsla qınamıram. Lakin mənim də əlimdən bir iş gəlmir. Mən cəbhədən əl çəkə bilmərəm, qiyamət günü cavab verəcəyəm».
Həssas bir məsələyə toxunmuşdu. Özüm də anladım ki, narahatlığım onun cəbhəyə çox getdiyinə görədir. Anam dedi: «Gəl otağa girək, özü ilə danış».
Gəlib qarşımda oturdu. Özümü səliqəyə saldım.
– Səninlə danışmaq istəyirəm, yaxşı qulaq as.
Başımı qaldırmadım, amma qulağım onda idi.
- Hər bir müsəlman bilir ki, indi İslam təhlükədədir. Mən indi cəbhəyə getməsəm, yaxud az getsəm, qiyamət günü cavab verməli olacağam. Bu baxımdan, cəbhəyə getməməyim qeyri-mümkündür.
Üzünü anama tutdu.
– Bax, xala, mən bu evi, əşyaları, hətta pencəyimi də qoyub uşaqlarla birgə cəbhəyə getməyə hazıram. Yalnız bir şərtim var. Gərək qızınız mənə söz versin.
Susdu. Anam soruşdu: «Nə şərti, bala?»
– Qiyamət günü həzrət Fatimeyi-Zəhra (ə) gələndə onun yanına gedib desin: «Ərim sizin yolunuzda olub cəbhəyə getdiyinə görə ondan boşandım, o da uşaqları götürüb getdi».
Anam mat-məttəl qalmışdı. Mən də eyni vəziyyətdə idim. Özümü bir anlığa onun dediyi kimi təsəvvür etdim: məhşərin vaveyla səhrasında, həzrət Fatimə (ə) ilə üzbəüz.
Bütün vücudum alt-üst oldu, özümə gəldim. Artıq xəcalətdən başımı qaldırmırdım.
Ondan sonra deməyə sözüm yox idi. Cəbhəyə nə vaxt gedib, nə vaxt gəlirdisə, etiraz etmirdim. Həzrət Fatimeyi-Zəhranın (ə) razılığına razı idim.
Onun kəfəni
Höccətülislam Məhəmmədrza Rzayi
Mən həccə Qumdan getdim, o isə Məşhəddən. Mən onun getməsindən xəbərsiz idim, o da mənim.
Bir gün təvafa getdiyimdə ayaqqabılarımı itirdim. İşim bitəndən sonra ayaqyalın Məscidül-həramdan çıxdım. Məkkənin isti küçələri ilə bazara doğru yola düşdüm.
Bir ayaqqabı mağazasının önündə dayandım. İçəri girmək istəyəndə gözüm uzaqdan gələn bir adama sataşdı. Hərəkətləri çox tanış gəlirdi. Dayanıb gözümü ona dikdim. Düz mənə sarı gəlirdi. Nəhayət, 20-30 addımlığıma çatanda tanıdım. Təxmin etdiyim kimi, Hacı Əbdülhüseyn Burunsi idi.
O, gülə-gülə mənə yaxınlaşırdı. Bilirdim ki, gözləri itidir, məni uzaqdan tanıyıb. Bir neçə addımlığıma çatanda onun da ayaqqabısız olduğunu gördüm. Keçmiş xatirələri yada salmaq üçün dedim: «Salam, usta Əbdülhüseyn».
Səmimi şəkildə dedi: «Salam əleyküm».
Qucaqlaşıb görüşdük, hal-əhval tutduq. Ayaqlarını göstərdim.
– Bəs ayaqqabıların hanı?
Sualı özümə qaytardı.
– Bəs səninkilər hanı?
Ayaqqabılarımın necə itdiyini danışdım. Təəccüb etdi. Ayaqqabılarının itdiyindən danışanda da mən təəccüb etdim.
– Qəribə təsadüfdür.
Hər ikimiz eyni yerdə və eyni vaxtda ayaqqabılarımızı itirmiş
Dostları ilə paylaş: |